Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov 2021/2022-ci tədris ilində ali məktəbə qəbul olan Prezident təqaüdçüləri ilə görüşüb.

 

Ə.Muradov tələbələrə UNEC-də tətbiq olunan yeniliklər, dünyanın aparıcı universitetləri ilə həyata keçirilən ikili diplom və mübadilə proqramları barədə məlumat verib. Həmçinin Universitet Daxili İki Diplom (UDİD), minor proqram, ixtisas istiqamətlərindən söz açıb.  İngilis dilinin yeni standartlara uyğun təşkil olunduğunu, tələbələrin xarici dil və İT biliklərinin, eləcə də peşə kompetensiyalarının artırılması məqsədilə tədris planında yeniliklərin tətbiq edildiyini deyib. Məzun olduqda tələbələrə akademik traskriptlə yanaşı, iş dünyasının tələblərini əks etdirən non-akademik transkriptin veriləcəyini  diqqətə çatdırıb.

 

Tələbələrə startap ideyalarının reallaşdırılmasına universitet tərəfindən lazımi dəstəyin göstərilə biləcəyini qeyd edən rektor onlara universitetin ictimai-sosial həyatında fəal və təşəbbüskar olmağı tövsiyə edib. Tədrisin keyfiyyətinin artırılması ilə bağlı hər bir tələbənin təklif və təşəbbüsünü dinləməyə açıq olduğunu bildirib.

 

Sonda Prezident təqaüdçülərinə xatirə hədiyyələri təqdim edilib.