Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tərəfdaşlığı ilə “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib.
ADPU-da təşkil olunan görüşdə universitetin sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Gənclər Fondunun icraçı direktor müavini Qədir Xəlilov, ATGTİ-nin sədri Pərviz Mirələmli və “Böyük Qayıdış” İB-nin nümayəndəsi Elşən Qəhrəmanov çıxış ediblər. Onlar Vətən müharibəsinin birinci ildönümünü yaşadığımız bu günlərdə belə tədbirlərin keçirilməsinin böyük önəm daşıdığına diqqət çəkib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizə bu Zəfəri yaşatmış qəhrəmanların tanıdılması və gənc nəslin onlardan nümunə götürməsinin vacibliyini qeyd ediblər.
Daha sonra “Böyük Qayıdış” təşkilatının idarə heyətinin üzvü, xüsusi döyüş əməliyyatlarının və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev çıxış edərək Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə qazanılmış zəfərdən bəhs edib.
Tədbirin qonağı olan Vətən müharibəsi qaziləri –Nəcəf Rəcəbov, Əmrah Əliyev, Pərvin İmanov Vətən müharibəsi ilə bağlı təəssürat və xatirələrini bölüşüb, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatının dünya hərb tarixinə düşməsi ilə fəxr etdiklərini bildirib, vətənpərvər, mərd nəslin yetişdirilməsində müəllimlərin rolunu xüsusi vurğulayıblar.
Tələbələr, gənclər arasında qəhrəman qazi və hərbçilərin tanıdılması məqsədilə həyata keçirilən layihə çərçivəsində təşkil olunmuş bu görüşdə Vətən müharibəsindəki zəfəri əks etdirən videoçarx da nümayiş olunub.