Naxçıvan Müəllimlər İnstitutunda “Magistrantların elmi fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. Müşavirədə II kurs magistrantlar və onların elmi rəhbərləri iştirak edib.

 

İnstitutun rektoru Azad Novruzov bildirib ki, ölkəmizdə, o cümlədən muxtar respublikada elmi və pedaqoji kadrların hazırlanmasına böyük diqqət və qayğı var:”Ali məktəbdə 5 istiqamət üzrə doktorantura səviyyəsinə qəbulun aparılması və pedaqoji elmlər üzrə Dissertasiya şurasının fəaliyyəti bunun bariz nümunəsidir. Müasir dövr elm və innovasiyalar əsri adlandırılır. İndi yeni çağırışlara cavab verəcək elmi və pedaqoji kadrların hazırlanması ixtisaslı kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrinin qarşısında duran ən mühüm vəzifələlərdəndir. Bu çağrışların icrası institutun professor-müəllim heyəti qrşısında mühüm vəzifələr müəyyənləşdirir. Magistratura səviyyəsi elmi tədqiqata yönəlmənin əsas mərhələlərindən biri kimi qiymətləndirilir. Bu baxımdan magistr dissertasiya mövzuları müəyyənləşərkən, müasir problemlərin tədqiqi diqqət mərkəzində saxlanmalıdır”.

 

Rektor vurğulayıb ki, bundan sonra da elmi rəhbərlərin və magistrantların fəaliyyəti daim diqqət mərkəzində olmalı, manitorinq və qiymətləndirilməsi aparılmalı, müntəzəm olaraq dissertasiyaların işlənmə vəziyyəti müzakirə edilməlidir.

 

Müşavirədə institutun prorektoru Çapay Quliyev, elmi katibi, dosent Qurban Qurbanlı, Pedaqogika və psixologiya kafedrasının müdiri İsmayıl Əliyev, Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri Yaqub Məmmədov, Magistratura və doktorantura üzrə mütəxəssis, dosent Qızıltac Şahbazova da mövzu ətrafında çıxış edib.