Fərdlərin informasiya mədəniyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün metodlar işlənib


AMEA İnformasiya Texnologiyaları İnstitutunun  Tədris-İnnovasiya Mərkəzində qurumun yarımillik hesabatına həsr olunan tədbir keçirilib. İnstitutdan verilən məlumata görə,  hesabatı təqdim edən, Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova əvvəlcə mərkəzdə aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib. Bildirib ki, fərdlərin informasiya mədəniyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün metodların işlənməsi ilə bağlı tədqiqatlar yekunlaşdırılıb və dissertasiya işi müdafiə olunub.

 

R.Mahmudova həmçinin mərkəzdə intellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyası və jest informatikası istiqamətində aparılan elmi  araşdırmalar haqqında məlumat verib. Mərkəzin rəhbəri araşdırmaların nəticələri əsasında bir neçə məqalənin dərc olunduğunu və bir icmalın hazırlandığını qeyd edib.

 

O bildirib ki, şöbə əməkdaşları tərəfindən təhsilin modernləşdirilməsində, insan kapitalının keyfiyyətinin yüksəldilməsində intellektual oyunların rolu və tədrisyönümlü oyunlardan istifadə etməklə bəzi problemlərin həlli yolları ilə bağlı tezislər hazırlanıb və elmi-praktiki konfranslarda məruzə olunub.

 

Mərkəzin elmi-innovasiya fəaliyyəti haqqında məlumat verən R.Mahmudova doktorant və dissertantlara “İnformatika” fənninin tədrisi və imtahanların qəbulu, regionlarda yaşayan doktorant və disertantlar üçün informatikadan distant dərslər və imtahanların təşkili ilə bağlı görülmüş işləri diqqətə çatdırıb..

 

TİM-in rəhbərinin sözlərinə görə, AMEA-nın magistraturasında təhsil alan tələbələr üçün ümumi fənlər üzrə dərs və imtahanların təşkili, institutun doktoranturasına qəbul və doktorantların ixtisas imtahanlarının keçirilməsi elmi-innovasiya fəaliyyəti çərçivəsində görülmüş işlər sırasındadır.

 

R.Mahmudova doktorant və dissertantlara kömək məqsədi ilə “İnformatika” fənni üzrə 421 səhifədən ibarət test toplusunun və tədris olunan kompüter proqramları ilə işləmək üçün praktiki dərs vəsaitinin hazırlandığını da diqqətə çatdırıb.

 

Təqdim olunan hesabat ətrafında müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.

 

Yusif ƏLİYEV