2021/2022-ci tədris ilində Bakı Mühəndislik Universitetinə (BMU) daxil olanlar sırasında müsabiqədənkənar tələbə adını qazananlar da var.
Onlardan biri, mühəndislik fakültəsinin Kompüter elmləri ixtisasının tələbəsi Sadiq Məlikovdur. O, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda da özünü sınayıb və 615,1 bal toplayıb.
Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəbi xüsusi nümunəli attestat və qızıl medalla bitirib. 2018-ci ildə Abşeron Rayon Təhsil Şöbəsi və “Pifaqor Akademiyası”nın birgə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş riyaziyyat-məntiq olimpiadasında (rayon üzrə 8-ci siniflər arasında) I yeri tutub və qızıl medalla mükafatlandırılıb.
2019-cu ildə BMU-nun Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı il keçirilən III Qış Elm Festivalında iştirak edən S.Məlikov riyaziyyat kateqoriyası üzrə 2-ci yerə layiq görülüb.
2019-cu ildə fənn olimpiadalarının respublika turunda riyaziyyat fənni üzrə, 2020-ci ildə fənn olimpiadalarının respublika mərhələsinin final turuna (informatika fənni) qatılıb və sertifikatlarla mükafatlandırılıb. Bundan başqa, 2019/2020-ci tədris ilində respublika fənn olimpiadalarında informatika fənni üzrə III yerə layiq görüldüyü üçün diplomla və bürünc medalla təltif edilib.
Müsabiqədənkənar BMU-ya qəbul olan digər tələbə universitetin pedaqoji fakültəsinin Biologiya müəllimliyi ixtisasını seçən Gülnar Əkbərlidir. O, Şəki şəhəri R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbi xüsusi nümunəli attestat və gümüş medalla bitirib. 2019-cu ildə biologiya fənni üzrə keçirilən olimpiadalarda iştirak edib və finala qədər yüksəlib. G.Ələkbərli 2020-ci ildə dünyanın hər yerindən tələbələri ingilis dilində sağlam rəqabətə dəvət edən və müəllimlər arasında əməkdaşlığı inkişaf etdirən 8-ci Beynəlxalq Hippo Olimpiadasına qatılaraq uğur qazanıb.
O, təbiət elmləri (kimya, fizika, biologiya) üzrə Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasının (International Junior Science Olympiad - IJSO) beynəlxalq komandası üçün keçirilən seçim imtahanında müsbət nəticə əldə edib və dərslərə, laboratoriya hazırlığına, eləcə də xüsusi məşğələlərə cəlb olunub.
2020 və 2021-ci illərdə Beynəlxalq Biologiya Olimpiadasının (International Biology Olympiad-IBO) hazırlıq komandasına daxil olub və imtahanlarda müsbət nəticə əldə edib. Hazırlıq komandasının seçmə turunda isə 5-ci yerdə qərarlaşıb.
2021-ci ildə Biologiya fənni üzrə beynəlxalq onlayn STEM olimpiadasının final mərhələsinə qədər yüksəlib və sertifikatla təltif olunub.
Respublika fənn olimpiadalarında (biologiya fənni) 2 gümüş medalla təltif olunan G.Əkbərli, eyni zamanda 2021-ci ildə fənn olimpiadalarının respublika turunda Biologiya fənni üzrə II yerə layiq görülüb.
Bununla yanaşı, 2020-ci ilin fevral ayında “EducationUSA Azerbaijan”-nın keçirdiyi “Write-On!” esse yarışmasında iştirakına görə, həmçinin may ayında baş tutan “Stat at home, stay creative” video yarışmasında I yeri qazanıb, sertifikatla mükafatlandırılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin, yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.