Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) STEAM Mərkəzinin açılışı olub. Açılış tədbirində ali təhsil müəssisəsinin və Təhsil İnstitutunun rəhbərliyi, müəllimlər, tələbələr iştirak ediblər.
Çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov mərkəzin açılışını təhsilin məzmun və keyfiyyətcə yaxşılaşdırılması yolunda əlamətdar hadisə kimi qiymətləndirib:” Pedaqoji Universitet olaraq müəllim hazırlığı sahəsində beynəlxalq trendlər daim izlənilir və innovativ yanaşmaların, tədrisin keyfiyyət təminatının daha da gücləndirilməsi istiqamətində ardıcıl işlər aparılır”.
Bildirilib ki, ADPU-da 13 nəfərdən ibarət STEAM şurası təsis edilib. Bununla yanaşı, Təhsi İnstitutunun dəstəyi ilə STEAM laboratoriyası qurulub və geniş həcmli STEAM avadanlıqları ilə təchiz edilib. Artıq tədris proqramında STEAM fənni də mövcuddur. Bu fənni tədris edən bir qrup müəllim Təhsil İnstitutunun STEAM-a dair təlimlərində iştirak edib və sertifikatlarla təltif olunub.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov öyrənmədə müasir yanaşmaların tətbiqinin vacibliyini vurğulayıb. Bildirib ki, institutun da dəstəyi ilə belə bir mərkəzin yaradılması xüsusən texniki və təbiət fənləri üzrə yeni nəsil müəllim hazırlığı işinin keyfiyyət və praktikliyinə yönəlmiş məqsədyönlü tədbirdir.
ADPU-nun fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov qeyd edib ki, 2020-ci ildə fakültənin eksperimental qrupunun III və IV tədris ili tələbələrinin ümumilikdə 50 nəfəri STEAM üzrə “Engennering for Kids” şirkətində təlimlərdə iştirak edib və beynəlxalq sertifikatlarla təltif olunublar.
Vurğulanıb ki, fizika fakültəsinin magistr mövzularında və kurs işlərində STEAM-a dair mövzular geniş yer tutur.