Lənkəran Dövlət Universitetində (LDU) Dövlət Müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib. Mingəçevir Dövlət Universiteti (MDU) ilə birgə keçirilən konfransda müstəqillik uğrunda qurban gedən şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Elmi-nəzəri konfransın MDU ilə birgə keçirilməsindən məmnunluğunu ifadə edən LDU-nun rektoru, professor Natiq İbrahimov bildirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazansa da, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirilib; 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bilib. İkinci tarixi imkan isə 70 il sonra yaranıb, Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verib. Ötən 30 il müddətində Azərbaycanın həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini deyən N.İbrahimov 44 günlük Vətən müharibəsinin qələbə ilə bitməsini, 30 ilə yaxın düşmən tapdağında qalan torpaqların azad olunmasını Azərbaycanın böyük uğuru kimi dəyərləndirib. Qeyd edib ki, bu qələbə sayəsində ölkəmiz regionda söz sahibinə çevrilib, dünyada öz nüfuzunu daha da artırıb.
MDU-nun rektoru Şahin Bayramov Azərbaycanın son illərdə qazandığı uğurlardan bəhs edərək bildirib ki, bu gün xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur; Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır və inkişaf etdirilir; Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət verilir. Bu diqqət təhsil sahəsinin modern inkişafında özünü daha aydın göstərir.
Elmi-nəzəri konfransda MDU-nun dosentləri- İlham Məmmədov “Ümummilli liderimizin yaratdığı müstəqil Azərbaycanın 30 illik hərtərəfli inkişaf yoluna konseptual baxış”, Mahir İsmayılov “44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər müstəqilliyimizin şah əsəridir”, Ülkər Aşurova “Milli energetikamızın inkişafında müstəqillik dövrü”, LDU-nun dosentləri- Gülbəniz Əliyeva “Müasir şəraitdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafının sosial-iqtisadi aspektləri”, Zaur Məmmədov “Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələri və onun inkişaf perspektivləri”, Kamal Mahmudov “Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsi kimi” mövzularında məruzə ediblər.
Məruzələr ətrafında müzakirələr keçirilib, fikir mübadiləsi aparılıb.
Konfransın sonunda LDU ilə MDU arasında Əməkdaşlıq Memorandumu imzalanıb. 5 il müddətinə imzalanan memoranduma əsasən, universitetlər arasında tələbə-müəllim mübadiləsi həyata keçiriləcək, birgə elmi tədbirlər təşkil olunacaq, elmi əməkdaşlıq genişləndiriləcək.
Qeyd edək ki, MDU-nun nümayəndə heyətinə LDU-nun yeni tədris korpusları, tam rekonstruksiya olunmuş Elmi kitabxanası, modern laboratoriyaları, yardımçı təsərrüfatı, turizm-təcrübə bazası, tələbə yataqxanası, yeməkxanası ilə tanışlıq imkanı da yaradılıb.