Oktyabrın 15-də Təhsil Nazirliyinin dəstəyi, Gəncə Şəhər Təhsil İdarəsi, Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Unudulmaz tarix” adlı tədbir keçirilib.

 

Tədbirin məqsədi ötən ilin oktyabr ayında Gəncə şəhərində baş verən terror hadisələrini ictimaiyyətin diqqətinə çatdırmaq, həlak olanların əziz xatirəsini yad etməkdən ibarət olub. 

 

Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Vasif Cənnətov, Gənclər və İdman Baş İdarəsinin müdiri  Həmid Nəsirov, təhsil işçiləri, Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri və üzvləri, ümumtəhsil məktəblərinin direktorları və KİV nümayəndələri iştirak ediblər.

 

 Tədbir iştirakçıları Gəncə şəhərində  ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyub.

 

Daha sonra məktəblilər əllərində tutduqları plakat, şəkil və bayraqlarla terror törədilən məkana yürüş edib. Gəncə şəhərində amansız terror nəticəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, hadisə yerinə gül dəstələri qoyulub.

 

Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri ədəbi-bədii kompozisiyalarla çıxış edib, uşaqların ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səslənib.

 

Sonda uşaqlar səmaya Gəncə terroru nəticəsində şəhid olan körpələrin, məktəbli uşaqların xatirəsinə ağ şarlar uçurub.