Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrinin Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrilən Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil edilib.

 

Tələbələr 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında ardıcıl məğlubiyyətlərə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olublar. Burada tələbələrə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əiyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbə,  düşməndən qənimət götürülən hərbi texnikalar barədə ətraflı məlumatlar verilib.

 

Bildirilib ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük önəm kəsb edən Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin sərgilənməsi məqsədini daşıyır. Burada İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat nümayiş olunur.

 

Təqdim edilən eksponatlarla, həmçinin 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar və Vətən müharibəsinin gedişatı barədə məlumatlarla tanışlıq tələbələrdə Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradıb.