Oktyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılmış Qızlar Məktəbinin yaranmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilib.

 

Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

 

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, BMT Baş Assambleyasının qərarı ilə 11 oktyabr Beynəlxalq Qız Övladları Günü kimi qeyd olunur. Bahar Muradova deyib ki, qızların inkişafı, təhsili, iqtisadi-sosial həyatda özünə yer tutması, bərabər imkanlar çərçivəsində hüquqlarının qorunması, bütün dünyada, beynəlxalq təşkilatların, demokratik dövlətlərin arzusu, istəyi, vəzifə və öhdəliyidir. Dövlət Komitəsinin sədri qeyd edib ki, müsəlman Şərqində yaradılan ilk dünyəvi qızlar məktəbinin məzunları Azərbaycan xalqının həyatında, onun maariflənməsində böyük rol oynayıblar. Qadınların cəmiyyətə inteqrasiyasının yeganə yolu təhsildir. Ölkəmizdə qızların təhsilə cəlbi ilə bağlı vacib addımlar atılır.

 

Tədbirin əhəmiyyətindən danışan təhsil naziri Emin Əmrullayev qeyd edib ki, Qızlar Məktəbinin açılması birmənalı olaraq Azərbaycan tarixində qadınların təhsil alması üçün böyük imkanlar yaradıb. Nazir bildirib ki, 120 il əvvəl bir qızın məktəbə getməsi bəlkə də möcüzəvi, ağlagəlməz, cəmiyyətin bütün üzvləri tərəfindən birmənalı qəbul edilməyəcək hadisə idi. Lakin bu gün qürurla qeyd edə bilərik ki, indi Azərbaycanda qız uşaqlarının 90 faizdən çoxu təhsil ala bilir. Burada heç bir hüquqi maneə yoxdur. Biz təhsilsiz qalan qızların problemlərinin gizlədilməsi tərəfdarı deyilik.

 

Təhsil naziri diqqətə çatdırıb ki, ölkədə hər 5 ildən bir 10 yaşlı şagirdlər arasında qiymətləndirmə keçirilir. Müəyyən edilir ki, qızlar oğlanlardan daha yaxşı nəticə göstərirlər. Həmçinin qızlarda oxuyub-anlama bacarığı oğlanlara nisbətən daha yaxşıdır.

 

Sonra çıxış edən Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli bildirib ki, qızların təhsili üçün yaradılmış bu məktəb sonradan təhsilimizin indiki səviyyəyə çatmasına gətirib çıxarıb.

 

Tədbirdə həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov, Bakı Dövlət Universitetinin müəllimi, Tarix elmləri doktoru Lətifə Əliyeva, tarixçi-araşdırmaçı Fuad Axundov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov çıxış ediblər.

 

Qızlar Məktəbinin yaranmasının 120 illik yubileyi münasibətilə keçirilən tədbirdə 2021-ci il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş, aztəminatlı ailələrdən olan qızlara dəstək göstərmək məqsədilə “Gənc Qızların Təhsilinə Dəstək” Kampaniyasına qoşulmuş özəl sektor nümayəndələri, eyni zamanda, tarixçilər, dövlət qurumları və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.