Bakı Mühəndislik Universiteti (BMU) ilə “Delta Qrup C.O.” MMC arasında  anlaşma memorandumu imzalanıb.

 

Sənədə rektor, professor Havar Məmmədov və şirkətin direktoru İlkin Şabanov imza atıb.

 

Sonra memorandumda nəzərdə tutulan məsələlərin icrasının müzakirəsi məqsədilə hər iki qurumun aidiyyəti struktur rəhbərləri arasında görüş keçirilib.

 

“Delta Qrup C.O.” MMC-də baş tutan görüşdə əməkdaşlıq çərçivəsində şirkətə gənc kadrların cəlb edilməsi, istehsal təcrübə proqramlarına dəstək, şirkət əməkdaşlarının BMU tələbələri üçün xüsusi mövzular üzrə mühazirə, seminar, dəyirmi masalarda iştirakı, həmçinin xüsusi ixtisasartırma proqramlarının təşkili  və digər istiqamətlərdə həyata keçirilə biləcək layihələr ətraflı müzakirə olunub.

 

Qeyd edək ki, sənəddə BMU-da fəaliyyət göstərən ixtiraçıların və ya peşəkar tədqiqatçıların aşkarlanması, onların təkliflərindən şirkətin yararlanması üçün tədbirlərin görülməsi, universitetin müxtəlif ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələrin müxtəlif təcrübə proqramlarına, istehsalat təcrübəsinə, o cümlədən seminar və təlimlərə cəlb edilməsi əksini tapıb. Bununla yanaşı, memorandum müvafiq ixtisaslar üzrə müasir təhsil proqramlarının, dərsliklərin, metodiki vəsaitlərin, sillabus və mövzuların hazırlanmasında birgə iştirakın təşkil edilməsi, BMU məzunlarının şirkətin namizəd bankına daxil edilərək müvafiq vakant yerlərə təcrübəçi və işçi kimi cəlb edilməsi üçün tədbirlərin görülməsi və qarşılıqlı şəkildə razılaşdırılmış digər fəaliyyətləri özündə ehtiva edir.