Bakı Mühəndislik Universitetində (BMU) 44 günlük Vətən müharibəsi zəfərinə həsr edilmiş “44 günün qəhrəmanları” layihəsi çərçivəsində qazilərlə görüş keçirilib.

 

Tədbir Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), “Böyük Qayıdış” İctimai Birliyinin təşkilatçılığı və BMU-nun tərəfdaşlığı ilə baş tutub.

 

BMU-nun rektoru, professor Havar Məmmədov 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş 44 günlük hərbi əməliyyatların Azərbaycan tarixinə Vətən müharibəsi kimi əbədi həkk olunduğunu deyib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn bərpa edildiyini vurğulayan rektor bildirib ki, məhz milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi.

 

H.Məmmədov Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda igidlik və şücaət nümayiş etdirmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş hərbi qulluqçuların Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə, müxtəlif orden və medallarla təltif olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rektor bildirib ki, bu təltiflər Vətən müharibəsində iştirak edən hərbi qulluqçuların xidmətlərinin cənab Prezident tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqi olmaqla yanaşı,  vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

 

H.Məmmədov 44 günlük Zəfər tariximizin növbəti ildönümünü yaşadığımız bu günlərdə müharibənin gedişi zamanı Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmənin xalqımızın iradəsini sarsıtmaq məqsədilə günahsız mülki insanları hədəfə alıb törətdiyi müharibə cinayətlərini də xatırladıb.

 

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətindən söz açan rektor onlara hər zaman Vətənə bağlı olmaqlarını tövsiyə edib.

 

Azad olmuş torpaqlarda aparılan böyük quruculuq işlərinə də toxunan H. Məmmədov çıxışının sonunda tədbirdə iştirak edən qazilərə minnətdarlığını bildirib, onlara ən xoş arzularını çatdırıb.

 

ATGTİ-nin sədri Pərviz Mirələmli çıxışında Azərbaycan xalqının ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdiyini, ordumuzun düşmənə sarsıdıcı zərbələr endirərək tarixi Qələbəyə imza atdığını qeyd edib.

 

Tədbirdə 44 günlük Vətən müharibəsi kadrlarını özündə əks etdirən videoçarx nümayiş olunub.

 

Daha sonra qazilərimiz - Vüsal Nəsirov, Ruslan Rəhimov, Vüqar Məmmədov, Mövsüm İskəndərov çıxış ediblər. Onlar keçdikləri döyüş yolundan ətraflı bəhs edib, eyni zamanda müharibə ilə bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.

 

Tədbir tələbələri maraqlandıran sualların qazilər tərəfindən cavablandırılması ilə sona yetib.