Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov 2021/2022-ci tədris ilində BMU-İNHA ikili diplom proqramı üzrə universitetin İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisaslarına qəbul olmuş tələbələrlə görüşüb.
Rektor Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın önəmini, ikili diplom proqramlarının tələbələr üçün yaratdığı geniş imkanları diqqətə çatdırıb.
İkili diplom proqramına əsasən, tələbələrin 3 akademik ili BMU-da, 1 akademik ili isə Cənubi Koreyanın İNHA Universitetində təhsil alacaqlarını qeyd edən rektor bildirib ki, İNHA Universiteti mühəndislik, biznes inzibatçılığı, tibb, sosial elmlər sahəsində Cənubi Koreyanın ən prestijli universitetlərindən biridir və reytinqə görə ilk onluqda qərarlaşıb. Proqrama daxil olan tələbələrin yüksək nəticələr əldə etdiyini vurğulayan rektor bununla bağlı statistikanı tədbir iştirakçılarının nəzərinə çatdırıb.
H.Məmmədov BMU-nun tarixi, beynəlxalq əlaqələri, tədris sistemi və maddi-texniki bazası haqqında ümumi məlumat verib. Bununla yanaşı, zəngin və müasir standartlara cavab verən, beynəlxalq təcrübəyə əsaslanan BMU kitabxanasının onlayn sistem əsasında fəaliyyət göstərdiyini vurğulayan rektor, eyni zamanda, BMU-da ingilis dilində tədrisin üstünlük təşkil etdiyini fikirlərinə əlavə edib.
BMU Tələbə Həmkarlar İttifaqı və BMU Tələbə Gənclər Təşkilatının fəaliyyətindən söz açan H.Məmmədov universitetdə mövcud olan tələbə klublarının fəaliyyətinə də toxunub, tələbələri ali məktəbin ictimai, sosial həyatında yaxından iştirak etməyə çağırıb.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnməsi və şəxsiyyət kimi yetişməsi üçün BMU-da davamlı işlərin həyata keçirildiyini deyən rektor onlara hər zaman Vətənə bağlı olmaqlarını, Vətəni və dövlət maraqlarını hər şeydən üstün tutmalarını tövsiyə edib.
BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli ikili diplom proqramın həyata keçirilməsinə dəstək göstərən hər kəsə minnətdarlığını ifadə edib və yaxın gələcəkdə proqram çərçivəsində görüləcək işləri vurğulayıb.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.