Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyindəki İnnovasiyalar Agentliyinin nümayəndələri Bakı Mühəndislik Universitetində (BMU) olublar.
Öncə iki qurumun aidiyyəti struktur rəhbərləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub. Bu məqsədlə keçirilən görüşdə qonaqlar İnnovasiyalar Agentliyinin fəaliyyəti, cari layihələri və gələcək planları haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, agentlik yerli sahibkarlara müasir texnologiya və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, həmçinin innovasiyaya əsaslanan elmi-tədqiqatları dəstəkləyən, innovativ layihələri və startapları stimullaşdıran dövlət qurumudur.
Görüşdə texnologiyaların transferi sahəsində agentliyin Çex Respublikasının Cənubi Bohemia Universiteti ilə əməkdaşlığının başlanıldığı vurğulanıb. Bununla yanaşı, qurumun təşkil etdiyi mübadilə proqramları, o cümlədən “Sloveniya İnnovasiya Mübadilə Proqramı” haqqında zəruri informasiyalar iştirakçıların nəzərinə çatdırılıb. Mübadilə proqramına xarici texnoparkların rezidenti olmaq istəyən, investisiyalara hazır olan və xarici universitetlərlə əməkdaşlıq qurmaq istəyən bütün layihələrin müraciət edə bilməsi qeyd olunub.
Sonra BMU-nun maddi-texniki bazası, eyni zamanda ən son avadanlıqlarla təchiz olunmuş laboratoriyaları haqqında geniş informasiya təqdim olunub. Elektron universitet kimi fəaliyyət göstərən BMU-da mövcud olan elektron xidmətlər xüsusi qeyd edilib, eyni zamanda, universitetin kadr potensialı, tələbə kontingenti və məzun bazasından söz açılıb. BMU tələbələrinin əmək bazarında özlərinə iş tapmaları, həmçinin əmək bazarında istehsalatla kadr ixtisası arasındakı əlaqələrin inkişafı üçün də daimi iş aparıldığı, məzunların ixtisaslarına uyğun işlə təmin edilməsinə köməklik göstərildiyi vurğulanıb.
Qonaqlara BMU Texnoparkı və İnnovasiya Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Yerli və xarici işgüzar şəbəkənin gücləndirilməsinə xüsusi əhəmiyyət verən Texnoparkın istər rezidentlərlə, istərsə də startaplarla aktiv iş apararaq innovativ ekosistemi formalaşdırdığı bildirilib, eyni zamanda təşkil olunan müxtəlif startap müsabiqələrinə, eləcə də “Yeni Fikir VI” startap müsabiqəsinə toxunulub. Bununla yanaşı, Azərbaycan dilinin əcnəbilərə öyrədilməsi ilə bağlı mobil tətbiqin hazırlandığı da diqqətə çatdırılıb.
Müzakirələr zamanı BMU-nun Cənubi Koreyanın İNHA Universiteti ilə 4 ixtisas üzrə ikili diplom proqramının həyata keçirildiyi bildirilib və son 2 ildə bu istiqamətdə görülən işlər vurğulanıb.
Görüşdə elm və sənaye arasında əlaqə, o cümlədən startap layihələrin dəstəklənməsi, elmi-tədqiqatların nəticələrinin kommersiyalaşdırılması və digər sahələrdə əməkdaşlıq məsələləri, həmçinin 2 qurum arasında memorandumun imzalanması barədə geniş müzakirələr aparılıb, təkliflər dinlənilib.
Sonda agentliyin nümayəndələri BMU-nun maddi-texniki bazası, o cümlədən Texnopark, Mexanika mühəndisliyi, Kimya və kimya mühəndisliyi laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olublar.