Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində Mingəçevir Dövlət Universitetinin (MDU) “Crisis Heroes” startap komandasının üzvləri ilə görüş keçirilib.

 

Görüşdə mərkəzin direktoru Əkbər Abbasov, direktor müavini Anar Cəfərov, Texnoloji transfer və innovasiyalar şöbəsinin müdiri Emin Nəsibov, Monitorinq və təhlil şöbəsinin baş mütəxəssisi Nigar Xəlilova iştirak edib.

 

Gənclərin çoxşaxəli startap fəaiyyətləri ilə ölkəmizdə kənd təsərrüfatının inkişafına töhfə vermək təşəbbüslərini təqdirəlayiq hal kimi qiymətləndirən mərkəzin rəhbərliyi görüş zamanı “Crisis Heroes” komandasının “Artificial Irrigation” (süni suvarma) süni intellekt əsaslı startap layihəsinin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıb, müvafiq tövsiyələrini bildirib və əməkdaşlığa hər zaman açıq olduqlarını qeyd edib.

 

Layihənin uğurlu icrası və perspektivləri, eləcə də motivasiya baxımından bu tipli görüşlərin önəmini yüksək dəyərləndirən MDU-nun startap komandası üzvləri göstərilən diqqətə və dəstəyə görə təşəkkürlərini ifadə ediblər.

 

Bildirilib ki, MDU-nun “Crisis Heroes” startap komandasının smart kənd təsərrüfatı sahəsində “Artificial Irrigation” (süni suvarma) süni intellekt əsaslı startapı Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin tərəfdaşlığı, New World proqramı və Coca-Cola Fondunun maliyyə dəstəyi ilə Youth Inc. Sahibkarlıq Proqramı çərçivəsində icra olunan “from Start to Smart” layihəsinin inkubasiya adlanan üçüncü mərhələsinə keçid alıb.

 

Qeyd edək ki, tələbələrin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da startap layihələrinə müvafiq dəstəyin göstərilməsinə, gənclərin innovativ ideyalarının aşkara çıxarılmasını təşviq edən tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.