Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi" üzrə icra edilən “Mənim peşəm mənim gələcəyimdir” layihəsi çərçivəsində açılış tədbiri və ilk maarifləndirici seminar keçirilib.
Seminarda İsmayıllı rayon təhsil ictimaiyyətinin nümayəndələri, layihə rəhbəri Vəfa Vahabova, layihə üzrə ekspert Ziba Məmmədova, təlimçi Elnarə Qasımova və İsmayıllı rayon Yeniyol kənd tam orta məktəbində təhsil alan 30-a yaxın şagird iştirak edib.
Layihə rəhbəri, Yeniyol kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi V.Vahabova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində ənənəvi peşə və sənət sahələrinə marağın artırılması, yeniyetmə və gənclərin peşə seçimində vaxtında doğru qərar verməsi, peşə seçimində əmək bazarının tələblərinə uyğun qərar verilməsi kimi hədəf istiqamətləri müəyyən edilib. “Mənim peşəm mənim gələcəyimdir!” adlı maarifləndirici flayerlər hazırlanıb və yaxın zamanlarda İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında yayılması nəzərdə tutulub".
Təlimçi E. Qasımova isə məktəblilərin düzgün peşə seçimi baxımından layihənin əhəmiyyətindən söz açıb.
Seminarda iştirak edən müəllimlər və şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici flayerlər paylanılıb.