Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) da öz stendi ilə təmsil olunub.
Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən sərgidə MEK-in icraçı direktoru, dosent Şəhla Tahirqızı və kitabxananın bir qrup əməkdaşı yaxından iştirak edib.
MEK-in stendlərində alimlərimizin Nizami Gəncəvi haqqında müxtəlif dillərdə hazırlanmış nəşrləri ilə yanaşı, Azərbaycan həqiqətləri və Qarabağ problemindən, Vətən müharibəsindən bəhs edən kitabları da üstünlük təşkil edib. Sərgidə kitabxana əməkdaşları oxucuları maraqlandıran nəşrlər haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, kitab festivalı zamanı iştirakçılar tərəfindən böyük maraqla qarşılanan MEK stendlərindən dəyərli kitablar da hədiyyə olunub.