Lənkəran Dövlət Universitetində (LDU) Beynəlxalq elmi-praktik konfrans keçirilib.
LDU-nun Avrasiya Universitetləri Assosiasiyası ilə birgə təşkil etdiyi konfrans “Azərbaycan yeni inkişaf mərhələsində - postpandemiya dövründə ərzaq və qida təhlükəsizliyi: müasir vəziyyət, çağırışlar, perspektivlər” mövzusuna həsr edilib.
Universitetin rektoru, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov bildirib ki, ərzaq və qida təhlükəsizliyi təkcə hansısa bir regionda, ölkədə deyil, demək olar ki, dünyanın əksər yerlərində problemdir:”Məhz buna görə də bu günkü Beynəlxalq konfransa ölkəmizin universitetləri, elmi istitutları, dövlət qurumlarının təmsilçiləri ilə yanaşı, dünyanın bir sıra ölkələrindən- Türkiyə, Rusiya, Ukrayna, Belorus, Qazaxıstan, Moldova, Latviya, İspaniya, Litva, Polşadan ali təhsil və elm müəssisələrinin çoxsaylı nümayəndələri qoşulub”.
Texnologiya və texniki fənlər kafedrasının professoru, texnika üzrə elmlər doktoru Mikayıl Məhərrəmov konfransda “Azərbaycan yeni inkişaf mərhələsində - postpandemiya dövründə ərzaq və qida təhlükəsizliyi: müasir vəziyyət, çağırışlar, perspektivlər” mövzusunda geniş məruzə edib. Məruzəçi qeyd edib ki, insanların sağlamlığının qorunub saxlanmasında ən böyük rol qida məhsullarına məxsusdur:”Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) müəyyən etmişdir ki, istənilən ölkənin ərzaq təhlükəsizliyi bu ölkənin bütün əhalisinin və sosial qruplarının qida məhsullarına fiziki və iqtisadi əlçatanlığının təmin edilməsi, öz ehtiyaclarını ödəyə biləcək qədər ərzaq istehsalının mövcudluğu və yaşayış minimunu təmin edən sosial siyasətin həyata keçirilməsidir. ÜST-ün məlumatına görə hazırda dünyada baş verən ölümlərin 60%-i ümumdünya qida rasionunun dəyişməsi ilə əlaqədar olub, daha çox sənaye miqyasında istehsal edilən yağlı, duzlu və şirin xörəklərlə bağlıdır. Qida mənşəli xəstəliklər sosial -iqtisadi inkişafa maneə olur, səhiyyə sistemlərinə əlavə problem yaradır, milli iqtisadiyyata, turizmə və ticarətə külli miqdarda zərər vurur”.
M.Məhərrəmov bildirib ki, universitetdə 2015-ci ildən sonra kadr hazırlığı aparılan baytarlıq, qida mühəndisliyi, turizm və otelçilik, aqrokimya və torpaqşünaslıq, aqronomluq, meşəçilik, ekologiya və s. ixtisaslar üzrə mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək, maddi-texniki, tədris bazasını gücləndirmək məqsədilə müasir avadanlıqlarla təchiz edilmiş Baytarlıq, Qida məhsulları texnologiyası, Qida təhlükəsizliyi və ekologiyası laboratoriyaları yaradılıb, müəllim və tələbələrin ixtiyarına verilib.
Həmin laboratoriyalar İngiltərə, Rusiya, Çin və s. ölkələrdən alınmış müasir xromatoqraf, homogenizator, sentrifuqa, pH-metr, ionometr, spektrofotometr, kolorimetr, refraktometr, elektron mikroskoplar, soyuducu, dondurucu, quruducu, sorucu şkaflar kimi avadanlıq və cihazlarla təmin edilib.
Konfrans işini bölmələrdə davam etdirir. “Ərzaq və qida təhlükəsizliyi-sağlamlığın əsasıdır: problemlər, çağırışlar, perspektivlər”, “Postpandemiya dövründə ərzaq və qida təhlükəsizliyinin aktual problemləri və iqtisadi aspektləri”, “Konfliktlərin və qlobal problemlərin ərzaq və qida təhlükəsizliyinə təsiri” bölmələrində 100-ə yaxın elmi məqalə dinlənilərək müzakirə ediləcək.