Layihədə Bakı şəhərinin 54 məktəbindən 550 ingilis dili müəllimi iştirak edib
“British Council”in Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə 2017-ci ildə start verdiyi “Uğur üçün tədris” layihəsi müvəffəqiyyətlə sona çatıb. İyulun 9-da Holiday Inn otelində layihənin bağlanış mərasimi keçirilib.
Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlığı ilə həyata keçirilib və əsas missiyası dövlət məktəblərində ingilis dili müəllimlərinin peşəkar inkişafını dəstəkləmək olub.
Ümumilikdə layihədə Bakı şəhərinin 54 məktəbindən 550 ingilis dili müəllimi iştirak edib. Layihə müəllimlər arasında keçirilən ehtiyacların təhlilinə əsaslanıb və “British Council”in “Uğur üçün tədris” proqramı üzərində danışıq bacarıqlarını əsas götürməklə orta məktəblərdə ingilis dili müəllimlərinin səmərəli tədris bacarıqlarının artırılmasına yönəlib. Proqram 267 akademik saatı əhatə edib.
Proqramın yekun mərhələsində keçirilən qiymətləndirmə zamanı məktəb direktorları və təlimçilər iştirakçıların danışıq bacarıqlarının əhəmiyyətli dərəcədə inkişafını, dilin tədrisində əminliyin yüksəlişini, sinifdə ingilis dilində danışığın öyrədilməsində irəliləyişi, tələbələrin də danışıq bacarıqlarında inkişafı əminliklə qeyd ediblər.
Tədbir zamanı layihənin yekun qiymətləndirmə nəticələri nümayiş olunub. Qiymətləndirmə nəticələri beynəlxalq ekspert Simon Borq tərəfindən təhlil olunub.