Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə ali təhsil ocağının Hüquqşünaslıq ixtisası üzrə tələbəsi olmuş, şəhid Orxan Kərimlinin əziz xatirəsini əbədiləşdirmək məqsədilə ağacəkmə aksiyası keçirilib.

 

Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Yusif Hüseynov,  baş müəllim Arzu Abdullayev, universitet TGT sədri, Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov çıxışlarında Böyük Zəfərin bir illik tarixinə nəzər salıb, şəhidin keçdiyi döyüş yolu haqda məlumat veriblər.

 

Qeyd edək ki, Orxan Kərimli 2001-ci il oktyabrın 6-da Göyçay şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetində ali təhsil alan Orxan 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanıb, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olan O. Kərimli Göyçay şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

 

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə", Kəlbəcərin azad olunmasına görə" medalları ilə  təltif edilib.