Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2021/2022-ci tədris ilində universitetə qəbul olan Prezident təqaüdçüləri ilə görüşüb.

 

Rektor qəbul imtahanlarında yüksək nəticə göstərmələri münasibətilə tələbələri təbrik edib, Prezident təqaüdünə layiq görülmələrinin onlar üçün həm böyük qürur, həm də böyük məsuliyyət olduğunu bildirib. E.Babayev tələbələrin gələcəkdə bu adı layiqincə doğruldacaqlarına, xalqımıza, dövlətimizə layiqli, peşəkar mütəxəssislər kimi yetişəcəklərinə əminliyini vurğulayıb.

 

Daha sonra rektor tədrisin keyfiyyətinin artırılması, yüksək ixtisaslı kadrların hazırlanması üçün BDU-da yaradılmış şərait haqqında tələbələrə məlumat verib.  Universitetin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək, 2021-ci ildən "Blackboard” elektron təhsil sisteminin, yeni təlim texnologiyalarının uğurla tətbiq edildiyini diqqətə çatdırıb. Həmçinin Tələbə Elmi Cəmiyyətinin fəaliyyətində aktiv olmağı, öz bilik və bacarıqlarını tələbə yoldaşları ilə bölüşməyi, müxtəlif layihələrdə fəallıq göstərməyi onlara tövsiyə edib.