Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) “SABAH magistratura” proqramı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi prosesinin təşkili ilə bağlı görüş keçirib.

 

Görüşdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Məhəmməd Mehdiyev, ARTİ-nin əməkdaşları və “SABAH magistratura” proqramı üzrə qəbul olunan magistrantlar iştirak ediblər.

 

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı M.Mehdiyev çıxış edərək BDU-da Kompüter elmləri və texnologiyaları ixtisası üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi üçün görülən işlərdən danışıb, “SABAH magistratura” proqramı üzrə qəbul olunan magistrantlara uğurlar arzulayıb.

 

BDU-nun elm və innovasiyalar üzrə prorektoru H.Məmmədov “SABAH magistratura” proqramının əhəmiyyətini vurğulayaraq, fundamental elmlərin tədrisinin təkmilləşdirilməsinin, bu istiqamətdə elmi tədqiqatların genişləndirilməsinin vacibliyindən bəhs edib.

 

Daha sonra “SABAH magistratura” proqramının layihə koordinatoru ARTİ-nin əməkdaşı Səbinə Babayeva layihə haqqında geniş məlumat verib. Bildiriib ki,  ali təhsilin magistratura səviyyəsi üçün həyata keçirilən “SABAH magistratura” layihəsi çərçivəsində BDU-da Kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə 2021/2022-ci tədris ilindən başlayaraq, bir sıra fəaliyyətlər təşkil edilib. Bu fəaliyyətlər çərçivəsində məzmun hazırlığı, professor və müəllim heyətinin seçilməsi və təlimatlandırılması, magistrantlar üçün öyrənmə və tədqiqata yönəlmiş dərsdənkənar fakültətiv məşğələlərin təşkili, maddi-texniki təchizatın təmin olunması nəzərdə tutulub.

 

Məzmun hazırlığı üzrə proqram konsepsiyası, təhsil proqramı, tədris planı, nümunəvi sillabus, tədris materialları və məqalələr toplusu şəklində dərs vəsaitləri hazırlanıb. İxtisaslaşma üçün maddi-texniki bazanın təmin edilməsi məqsədilə ARTİ tərəfindən kompüter laboratoriyasının yaradılması nəzərdə tutulub.

 

Layihənin əsas hədəfi müasir əmək bazarının tələblərinə uyğun, beynəlxalq rəqabətə davamlı peşəkar kadr hazırlığını təmin edəcək yeni məzmun və təlim infrastrukturunun yaradılması, onun dayanıqlığının stimullaşdırılmasıdır.

 

Qeyd edək ki, layihəyə müvafiq sahə üzrə xaricdə təhsil almış azərbaycanlı gənc mütəxəssislər də cəlb olunub. “SABAH magistratura” proqramının BDU üzrə koordinatoru tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, professor Ələkbər Əliyevdir.