Azərbaycan Gənclər Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və “RÄNG” leyblın tərəfdaşlığı, “GəncSİMA” İctimai Birliyinin təşkilatçılığı ilə ötən aylardan etibarən həyata keçirilən “Səhnədə” müsabiqəsinin böyük final mərhələsi olub.
Respublikanın bütün şəhər və rayonlarından olan xüsusi istedada malik gənc ifaçıların aşkarlanması, qabiliyyətlərinin inkişafı və sənətdə öz yerlərini tapmalarına dəstək verilməsi, vətənpərvərlik mövzusundakı mahnıların ifası və gənclər arasında təbliği məqsədilə reallaşdırılan müsabiqənin Bakı, Gəncə, Naxçıvan, Şəki, Quba, Lənkəran və Bərdədə keçirilən kastinq mərhələlərinin yekununda seçilən 10 nəfərin iştirakı ilə böyük qala-konserti baş tutub.
“Mədəniyyət” televiziya kanalında keçirilən "Səhnədə" müsabiqəsinin böyük finalında Naxçıvan Dövlət Universitetinin Vokal ifaçılığın tarixi və nəzəriyyəsi ixtisası üzrə II kurs magistrantı Rüstəm İbrahimov I yeri qazanıb.
Qeyd edək ki, münsiflərin dəyərləndirməsi nəticəsində xüsusi hazırlanmış şou-proqramla çıxış edən 10 istedadlı gəncdən üç qalib müəyyən edilib. Seçilmiş gənc finalçıların hər biri ilə “RÄNG” leyblı arasında bir illik prodüserlik müqaviləsi imzalanıb.
Məlumat üçün onu da bildirək ki, Xanəndəlik ixtisası üzrə dərslər alan R.İbrahimov 2014-cü ildə Azərbaycan Beynəlxalq Muğam müsabiqəsinin seçimlərində iştirak edib.