Böyüməkdə olan nəslin hərtərəfli tərbiyəsi təhsil işçilərinin qarşısında duran başlıca vəzifədir


İnsanın təməl düşüncə prinsiplərinin qaynağı məktəbdən başlayır. O, məktəbə qədəm qoyduğu andan yeni mühitlə qarşı-qarşıya olur. Bu mühit onun şəxsiyyət kimi formalaşmasında əvəzsiz rol oynayır. İnsanın sosiallaşmasına, ünsiyyət vərdişlərinin inkişaf etməsinə daha da yardımçı olur. Böyüməkdə olan nəslin hərtərəfli tərbiyəsi təhsil işçilərinin qarşısında duran başlıca vəzifədir.

 

Müasir dövrdə müəllim-şagird münasibətləri hansı prinsiplərə söykənməlidir? Mövzu ilə əlaqədar Quba rayonu Kupçal kənd tam orta məktəbinin coğrafiya müəllimi Vüsalə Şıxbabayevanın fikirlərini öyrəndik.

 

- Müəllim-şagird münasibətləri arasında psixoloji bağlar necə qurulmalıdır?

- Biz bilirik ki, müəllim öyrədən, şagird öyrənən tərəf hesab olunur. Müəllimin əsas vəzifəsi təkcə şagirdlərə öz fənnini tədris etməklə bitmir, eyni zamanda onların psixologiyasının inkişafını da sürətləndirir. Çünki müəllim pedaqoq olmaqla yanaşı, həm də psixoloqdur. Psixoloji bağların yaranmasında başlıca formalardan biri də yaş xüsusiyyətlərinin nəzərə alınmasıdır. Hər yaş kateqoriyasının özünəməxsus davranış tərzi var. Yəni, həmin yaş xüsusiyyətinə sahib olan şagirdlərlə hansı dildə danışmaq, hansı qaydaları tətbiq etmək müəyyən yaşlarda özünü ayrı-ayrı büruzə verir. Onu da qeyd edim ki, müəllim-şagird münasibətlərində başlıca amillər sırasında göz kontaktı da mühüm rol oynayır. Müəllim sinfə daxil olarkən şagirdin davranışından, göz kontaktından onun dərsə hazır olub-olmamasını müəyyən edə bilir. Müəllimin öz fənnini yüksək səviyyədə  bilməsi kifayət etmir. Həmçinin onun psixologiyası, dünyagörüşü yüksək səviyyədə olmalıdır ki, şagird-müəllim münasibətləri arasında bağlar sağlam qurulsun.

 

- Şagirdlərlə qarşılıqlı münasibətdə ən çox çətinlik çəkdiyiniz məqamlar nələrdir?

- Şagirdlərlə qarşılıqlı münasibətdə qarşımıza çıxan əsas çətinliklərdən biri çətin tərbiyə olunan uşaqlarla işləməkdir. Həmçinin, hiperaktiv olanlarla. Lakin hiperaktiv uşaqlarla işləmək nisbətən rahatdır. Onlara müəyyən tapşırıqlar verməklə, psixoloji testlər, tərbiyəvi söhbətlər etməklə həmin uşaqları dərsə cəlb etmək mümkündür. Çətin tərbiyə olunan uşaqlara nəyisə izah edəndə bəzi çətinliklər qarşımıza çıxır. Təbii ki, şagirdlər günün müəyyən hissəsi müəllimin nəzarətində, qalan vaxtda isə valideyn himayəsində olurlar. Bizim təhsil sistemimizdə bu prinsip vəhdət təşkil edir. Müəllim-şagird-valideyn mütəmadi şəkildə qarşılıqlı münasibətdə olmalıdırlar. Çətin tərbiyə olunan uşaqlardakı problemi aradan qaldırmaq üçün birgə səy göstərilməlidir. Bir daha qeyd edim ki, müəllimin rolu təkcə bilik və bacarıqları uşaqlara aşılamaq deyil. Həmçinin şagirdlərin müəyyən vərdişlərə yiyələnməsini də təmin etməkdir. Hər bir şagirdin özünəməxsus bilik səviyyəsi, dünyaya baxış tərzi, düşüncəsi, inkişafı fərqlidir. Çünki onlar ayrı-ayrı ailələrdən tərbiyə götürür, fərqli mühitdə böyüyürlər. Belədə onların psixoloji inkişafı da fərqli olur. Sadəcə müəllim olaraq qarşımızda duran əsas vəzifə, həmin şagirdləri düzgün istiqamətləndirməkdir. Müəllim şagirdləri dəyərləndirməyi bacarmalıdır. Şagirdlərdə dərsə həvəs yaratmalıdır, onların inkişaf etməsi üçün bütün gücünü səfərbər etməlidir.  

 

- Ənənəvi təhsil sistemindən fərqli olaraq, yeni təhsil sistemində şagird və müəllim münasibətlərində hansı dəyişikliklər özünü göstərir?

- Ənənəvi təhsil sistemində şagird dinləyən, müəllim isə danışan tərəf idi. Hal-hazırkı təhsil sistemində fikir mübadiləsinin yürüdülməsində hər iki tərəf mühüm rol oynayır. Ənənəvi təhsil sistemində daha çox müəllimin fikri önəmli idi. Elə hesab olunurdu ki, müəllim hansı fikirləri aşılayır, həmin fikirlər də doğrudur. Lakin müasir təhsil sistemində bu qaydalar fərqlidir. Əgər bir sinifdə 15 şagird təhsil alırsa, müəllim üçün onların hər birinin ayrı-ayrılıqda fikri önəm daşıyır. Məsələn, belə bir nümunə gətirim. Təsəvvür edin, bir ağac var və ağacın  önündə 3 nəfər dayanır. Hər birində ağac haqqında müəyyən fikirlər formalaşır. Şəxslərdən biri fikirləşir ki, bu ağac bar verəcək və mən də onun meyvəsindən yeyəcəyəm. Digəri düşünür ki, bu ağac böyüyəcək və bu ağacdan mebel və yaxud kağız hazırlayacağam. Digər şəxs isə düşünür ki, bu ağac böyüyəcək və mən də bu ağacın kölgəsində oturacağam. Eyni ilə sinifdə də belədir. Hər bir uşağın ayrı-ayrı düşüncə tərzi var, həyata baxış bucağı var. Təbii ki, bu, müəllim tərəfindən nəzərə alınır, hər birinin fikrinə hörmətlə yanaşılır. Dərs zamanı da müəllim tərəfindən həvəsləndirici tədbirlər görülür və buna uyğun olaraq mövzu ilə bağlı şagirdlər tərəfindən fikir yürüdülür, müəyyən nəticəyə gəlinir. Həmçinin də, dərsdə hər hansı bir mövzu üzərində işləyərkən, hər bir şagird tərəfindən həmin mövzuya qarşı fikir bildirilir. Məsələn, əgər biz coğrafiya dərsində külək mövzusunu keçiriksə, küləyin təsərrüfat əhəmiyyətindən danışırıqsa, biz bilirik ki, külək təsərrüfata həm müsbət, həm də mənfi təsirlər göstərir. Təbii ki, şagirdlər küləyin verdiyi təsirləri biliklərindən əlavə olaraq, bacarıqlarına əsasən müəyyən edirlər. Onlarda bu barədə fikir formalaşır. Ümumilikdə yeni təhsil sistemi qarşılıqlı münasibətləri daim inkişaf etdirir, müəllim-şagird münasibətlərində psixoloji bağları daha da möhkəmləndirir.

 

Göründüyü kimi, müəllimlik peşəsi təkcə öz fənnini tədris etməklə bitmir. Bu peşə müəllim adını daşıyan şəxsdən pedaqoji fəaliyyət tələb etməklə yanaşı, onda insani keyfiyyətlərinin olmasını, psixoloji biliklərə yiyələnməyi, şagirdlərlə ünsiyyətdə etik-estetik mədəniyyəti şamil etməyi tələb edir. Qədim zamanlardan bəri müəllimlik peşəsinə böyük hörmətlə yanaşılıb və bu proses davam etməkdədir.

 

Tünzalə PAŞAYEVA