II Qarabağ müharibəsi başlayanda Azərbaycan bir sıra xarici dövlətlərdən siyasi, mənəvi dəstək gördü. Amma Türkiyənin dəstəyi bir başqa idi.
Türkiyə dünyanın güclü dövlətlərindən biri, Azərbaycanla ən yaxın müttəfiqlik, qardaşlıq münasibətlərinə malik ölkədir. Bu gün bölgədə və dünyadakı münaqişələrin, siyasi ixtilafların həlli yollarının axtarılıb-tapılmasında əsas söz sahiblərindən biri kimi çıxış edir.
Təbii ki, Türkiyənin güclü əlinin əlimizi sıx tutması əhəmiyyətli siyasi dəstək demək idi və bu, təkcə 44 günlük savaşa aid deyil, savaşdan sonrakı, bu günlərə qədər davam edən, gələcəkdə də yürüdüləcək bir siyasətin tərkib hissəsidir.
Elə Rusiyanın Soçi şəhərində ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasındakı müzakirələrdə Liviya, Suriya, Əfqanıstanla yanaşı, Qarabağa aid məsələlərin də gündəmdə saxlanması onu ifadə edirdi ki, Türkiyənin Azərbaycanın yanında olması keçici bir proses deyildi; Qarabağ məsələsi elə Türkiyənin öz məsələsi kimi onun siyasi gündəmində hər zaman dayanır və dünya liderləri ilə görüşlərdə müzakirə predmeti kimi qüvvəsini saxlayır.
Söhbət müharibədən sonrakı mərhələlərin - sülh müqaviləsinin imzalanması, bunun üçün sərhədlərin delimitasiya məsələsinin, kommunikasiyaların açılmasının başlanması istiqamətində anlaşmaya nail olmaqdan gedir. Məlumdur ki, Ermənistan bu anlaşmanı yubadır. Türkiyə Azərbaycanın bu məqama aid dəyişməz mövqeyini, göstərdiyi səyləri həlledici siyasi masalara daşıyır və prosesin başlanması üçün etibarlı vasitəçilik missiyasını uğurla yerinə yetirir. Türkiyənin bölgədəki vacib rolu, dünyadakı nüfuzu bu mərhələnin də çox gecikmədən başlayacağına ümidlər yaradır. Çünki ikitərəfli razılaşmalar regional məsələlərin həllinə müsbət təsir edən amillərdir.
Bizim üçün müharibə dövründən artıq yaxşı bir nümunə yaranıb: Rusiya-Türkiyə arasında sıx təmaslar, məsləhətləşmələr, rəsmi şəxslər səviyyəsində intensiv görüş və müzakirələr, başqa sözlə, Türkiyənin siyasi masada olması münaqişənin həllinə əhəmiyyətli təsir göstərdi.
Prezident İlham Əliyevin Türkiyənin “Anadolu” agentliyinə verdiyi son müsahibəsinə diqqət edək: “...Savaşın ilk saatlarında Türkiyə Prezidenti bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə əlavə güc verdi və mənəvi güc verdi. Son illər ərzində biz çox böyük yol keçdik və demək olar ki, münasibətlərimizi ən yüksək zirvəyə qədər qaldırdıq. Türkiyə bizim yanımızda olmaqla bütün dünyaya mesaj göndərdi ki, qarışmayın, müdaxilə etməyin. Azərbaycan haqq yolundadır və əgər qarışsanız, əgər müdaxilə etsəniz, qarşınızda Türkiyəni görəcəksiniz”.
Göründüyü kimi, Prezident Rəcəb Tayyib Ərdoğan müharibə dövründə ən yüksək platformalardan Azərbaycanın haqq işini qətiyyətlə dəstəkləyir və Türkiyənin dost, qardaş ölkənin yanında olmasını bütün dünyaya bəyan edirdi.
Türkiyənin siyasi müxalifəti də ölkə rəhbərliyinin bu siyasi xəttini birmənalı müdafiə edir, Azərbaycanın haqlı davasına öz bəyanatları ilə töhfə verirdi. Bütövlükdə Türkiyə cəmiyyəti Azərbaycan xalqı ilə dəstək nümayiş etdirirdi və sosial şəbəkələr, televiziya xəbərləri üzərindən Azərbaycanın necə bir müdafiə çevrəsində olduğunu izləmək qürurverici olmaqla, savaşda inamla addımlamaq qətiyyətini, Qələbəni mütləq qazanmaq inamını artırırdı.
Biz Qarabağ uğurumuzda əlbəttə ki, Türkiyəyə - qardaş, dost ölkəyə minnətdarlığımızı hər zaman ifadə edirik.
“Şuşa Bəyannaməsi” bizim münasibətlərimizi təkcə yeni bir səhifəyə köçürməyib, bu Bəyannamə ilə Türkiyənin güclü biləyi Azərbaycanın əlini daha möhkəm tutub. Əminik ki, münaqişənin müharibədən sonrakı mərhələsinin - hazırkı sülh fazasının da tam, uğurla başa çatması üçün bütün potensialından istifadə edən Türkiyənin nüfuzu burada da öz sözünü mütləq deyəcək!
Vəfa ALLAHVERDİYEVA