Yeni tədris ilinin başlanması ilə əlaqədar Mingəçevir Dövlət Universitetində (MDU) iqtisadiyyat və idarəetmə, pedaqoji və mühəndislik fakültələrinin tələbələri ilə silsilə görüşlər keçirilib.

 

Əvvəlcə universitetin auditoriyalarında tələbələri salamlayan MDU-nun rektoru Şahin Bayramov yeni tədris ilinə və uzun fasilədən sonra ənənəvi tədrisə başlamaq münasibətilə onları təbrik edib. 

 

Sonra MDU-nun akt zalında universitetin birinci və ikinci kurs tələbələri ilə görüşlər keçirilib.

 

Görüşlərdə universitetə yeni qəbul olan gəncləri təbrik edən rektor Ş.Bayramov Müzəffər Ali Baş Komandanın rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərdən sonra ilk tədris ilində tələbələri auditoriyalarda görməkdən məmnunluğunu ifadə edib.

 

COVID-19 infeksiyasının hələ də aramızda olduğunu bildirən Ş.Bayramov ənənəvi tədris şəraitində tələbələri mövcud qaydalara daha həssas yanaşmağa, peyvəndlənməni başa çatdırmağa, tibbi maskadan istifadə etməyə, sosial məsafə saxlamağa, şəxsi gigiyena qaydalarına riayət etməyə və bunlarla bağlı aparılan maarifləndirmə işlərində fəal olmağa çağırıb.

 

Qabaqcıl yerli və xarici tərəfdaş universitetlərlə əməkdaşlığın, sənaye ilə işbirliyinin yaratdığı geniş imkanlar barəsində ətraflı məlumat verən rektor MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, tələbələrin hərtərəfli inkişafına xidmət edən təhsil mühitindən daha fəal surətdə faydalanmağı gənclərə tövsiyə edib.

 

Sonra tələbələr çıxış edərək, MDU ailəsinin üzvü olmaqdan məmnun olduqlarını bildirib, göstərilən yüksək diqqət və həssaslığa görə universitet rəhbərliyinə təşəkkürlərini çatdırıblar.