Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) karantin rejimi qaydalarının gözlənilməsi ilə ənənəvi - əyani təhsilə start verilib. Tələbələrin universitetə giriş-çıxışı zamanı sıxlığın qarşısını almaq məqsədi ilə universitetin korpuslarında 5 alternativ giriş-çıxış fəaliyyət göstərir.
Hər bir girişdə dezinfeksiya sistemi – həcmli dezinfeksiya qövsü quraşdırılıb, avtomat rejimdə fəaliyyət göstərən bu sistem vasitəsi ilə universitetə daxil olan hər kəs dezinfeksiya olunur. Bundan əlavə, termovizorlar – hərarəti özü ölçən cihazlar vasitəsi ilə universitetin inzibati binasına daxil olan bütün əməkdaş və tələbələrin hərarəti ölçülür. Termovizor normadan yuxarı hərarəti olanları müəyyən edərək dərhal sistemə ötürə bilir.
Tədrisin karantin rejimi qaydalarına əsasən təşkili məqsədilə dərslərdə auditoriyaların tutumuna uyğun olaraq 70%-dək tələbənin iştirakı təmin edilib. Digər tələbələr dərslərdə onlayn iştirak edir. Auditoriyalarda xüsusi olaraq quraşdırılmış yüksək keyfiyyətli audio-video vasitələr tələbələrin onlayn formatda belə dərslərdə maksimal dərəcədə canlı iştirakı effektini yaradır. Tələbələrin dərslərdə əyani və ya onlayn formatda iştirakı alt-üst həftələr üzrə müəyyən edilib. Bu qayda 15 nəfərdən az olan qruplara şamil olunmur. Eyni zamanda dərslər arasında fasilə zamanı tələbələrin yerdəyişmələrinin intensivliyini və dəhlizlərdə sıxlıq yaranmaması məqsədilə tələbələrin gün ərzində bütün dərsləri eyni otaqlarda keçməsi və müəllimlərin auditoriyalara gəlməsi nəzərdə tutulub.
Bundan əlavə, ADNSU-nun tədris korpuslarında hər mərtəbədə səhhətində narahatlıq hiss edə biləcək əməkdaş və tələbələr üçün təcridolunma otaqları ayrılıb, yarana biləcək problemlərin operativ həlli məqsədilə xüsusi işçi qrup fəaliyyət göstərir.