Mingəçevir Dövlət Universitetində (MDU) 27 sentyabr-  Anım Günü qeyd edilib. Anım Günü çərçivəsində MDU-da Mingəçevir Şəhidlər Xiyabanına ziyarət, elmi-praktiki konfrans, onlayn mühazirələr və ağacəkmə aksiyası təşkil olunub.

 

“44 günlük Vətən müharibəsi - tariximizi və taleyimizi dəyişən Zəfər” mövzusunda keçirilən konfransda universitetin şəhid məzunlarının ailə üzvləri, akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

 

MDU-nun rektoru Şahin Bayramov Prezidentin müvafiq sərəncamı ilə sentyabrın 27-nin Azərbaycanda Anım Günü kimi qeyd edilməsindən, xalqımız tərəfindən şəhidlərimizin böyük ehtiram və qürurla anılmasından bəhs edib.

 

Düz bir il bundan əvvəl düşmənin hərbi təxribatlarına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsindən danışan Ş.Bayramov məhz müzəffər Ali Baş Komandanın rəhbərliyi, yenilməz Azərbaycan Əsgərinin rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində haqq savaşının ərazi bütövlüyümüzün təmin edilməsi, tarixi ədalətin bərpa olunması ilə nəticələndiyini bildirib.

 

Rektor vətən uğrunda yüksək şücaət, fədakarlıq, cəsarət və vətənpərvərlik nümunələri ortaya qoyan şəhidlərimizin adlarının əbədiləşdirilməsinin diqqət mərkəzində saxlanıldığını, şəhid ailələri və qazilərin dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu qeyd edib.

 

Hazırda qəhrəman vətən övladlarının qanı bahasına erməni vandalizmindən xilas olan əzəli doğma yurdlarımızın sürətlə dirçəldilməsindən bəhs edən rektor bu gün şəhidlərimizin ruhunun şad olduğuna əminliyini vurğulayıb.

 

Tədbirdə çıxış edən MDU-nun şəhid məzunu Kənan Abdullayevin anası Azadə Abdullayeva və Əzəmi Hüseynovun bacısı Elnarə Hüseynova qəhrəman məzunlarla bağlı xatirələrini bölüşüb, onlarla qürur duyduqlarını bildiriblər.

 

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.