27 sentyabr- Anım Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan yeni Memorial-Xatirə Kompleksinin açılış mərasimi keçirilib.
Tədbirdə UNEC-in rəhbərliyi, professor-müəllim heyəti ilə yanaşı, Türkiyənin elm və təhsil sahəsi üzrə bir sıra rəsmiləri, Türk dövlətlərinin aparıcı universitetlərinin rektorları və nüfuzlu alimləri, şəhid ailələri və qazilər iştirak ediblər.
UNEC rektoru, professor Ədalət Muradov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən söz açıb. Bildirib ki, 30 illik Vətən həsrətinə son qoyan parlaq qələbə dövlətimizin, xalqımızın gücünü bütün dünyaya göstərdi. Rektor şəhidlərin qanı, canı bahasına əldə etdiyimiz qələbəyə görə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərin, şəhidlərin ruhu qarşısında baş əydiyini, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını deyib.
Tədbirdə iştirak edən Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Alparslan Ceylan qardaş dövlətin əldə etdiyi qələbədən şərəf və qürur duyduğunu, dünya durduqca şəhidlərin var olacağını, yaşayacağını deyib.
Sonra şəhidlər Əsəd Əsədli, Əhmədağa Novruzov, Yusif Mirzəyev, Teymur Məcidzadə, Hikmət Şıxməmmədov, Mahir Mirzəyev və Anar Qarayevin ailə üzvləri, Vətən müharibəsi qaziləri Həmid İsgəndərov və Nicat Səmədli çıxış ediblər. Şəhidlərimizin həyat yolunun yeni nəsillər üçün bir örnək, vətənpərvərlik və fədakarlıq nümunəsi olduğunu vurğulayıblar.
Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin üzvü Aytac Babayeva “Türkiyə-Azərbaycan”, “Dəmir yumruq” şeirlərini səsləndirib.
Tədbirdə universitetin şəhid tələbə və məzunları haqqında dərc edilən “UNEC şəhidləri” kitabının təqdimatı da olub.