Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 27 sentyabr Anım Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib.
56 nömrəli tam orta məktəbdə təşkil olunan ağacəkmə aksiyasında BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, milli qəhrəman və şəhidin valideynləri, məktəb direktorları, müəllimlər, şagirdlər, həmçinin KİV nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbir Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər kəs üçün əziz olduğunu bildirən BŞTİ müdiri Mehriban Vəliyeva hər birimizin xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu vurğulayıb.
Tədbirdə çıxış edən İdarə müdiri təhsil işçiləri tərəfindən ağacəkmə aksiyalarının geniş vüsət aldığını və bu cür təşəbbüslərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. M. Vəliyeva bu aksiyanın davamı olaraq paytaxt məktəblərində “Yaşıl məktəb” ideyasının reallaşdırılmasının nəzərdə tutulduğunu qeyd edib.
Azərbaycanda ətraf mühitin mühafizəsinə və ekoloji durumun yaxşılaşdırılmasına hər zaman böyük önəm verildiyini söyləyən M.Vəliyeva aksiyanın məktəblilər arasında və cəmiyyətdə ekoloji mədəniyyəti yüksəltmək, təbiətə olan qayğı hissini təbliğ etmək baxımından da faydalı olduğunu vurğulayıb.
BŞTİ müdiri müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş strateji inkişaf xəttinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb.
M.Vəliyeva paytaxt üzrə Vətən Müharibəsində iştirak edən 38 təhsil işçisinin qəhrəmanlıqlarından danışıb. Qeyd edib ki, Bakı üzrə çoxsaylı təhsil işçiləri cəbhəyə zəruri dəstək və kommunikasiya işlərində də yaxından iştirak edib. İdarə müdiri daha sonra BŞTİ tərəfindən Vətən Müharibəsində iştirak edən müəllimlər və şəhid övladları ilə keçirilən görüşlər haqqında məlumat verib.
Qeyd edək ki, ağacəkmə aksiyası BŞTİ-nin tabeliyindəki bütün məktəblərdə keçirilib. Anım Gününə həsr olunan “Hər məktəbdə 44 ağac” devizi altında paytaxtdakı ümumi təhsil məktəblərində yeni yaşıllıq zolaqları salınıb, çoxsaylı ağaclar əkilib.