Dünyada özünə işğalçı imici yaradan Ermənistanın Qarabağ torpaqları üzərində həyata keçirdiyi məkrli siyasət Azərbaycana çox böyük zərbə vurdu. Doğrudur, biz bu gün Qarabağ münaqişəsindən danışmırıq, artıq bir ildir ki, müharibə yolu ilə bu uzun sürən konfliktə son qoyulub və gündəmə Qarabağın dirçəldilməsi mövzusu keçib. Amma o demək deyil, torpaqlarımızı geri qaytardıqsa, yaxın keçmişdə baş verənlər hafizəmizdən silindi. Əsla! Tarix unudulmur;  münaqişənin meydana çıxardığı acı səhnələr, qüssəli insan hekayələri yaddaşlarda, tarixi salnamələrdə əbədi yaşayır və mütləq yaşamalıdır.

 

Nəyə görə?

 

Birincisi, gələcək nəsillər məlumatlı olsun deyə.

 

Çünki münaqişə Azərbaycanın 20 faiz torpaqlarının 30 il işğal altında saxlanması ilə nəticələndi. Bir milyondan çox azərbaycanlı didərgin həyatı yaşadı. İnsanlar öldü, qocalar, yeniyetmələr şikəst oldu, ailələr sahibsiz qaldı.  Ölkədə Qarabağ əlilləri, şəhid ailələri kateqoriyası meydana çıxdı. Azərbaycan iqtisadiyyatına ağır zərbə vuruldu və bütün bu problemlərin iqtisadi, mənəvi yükü dövlətin üzərində ciddi məsuliyyət kimi dayandı. 

 

Gələcək nəsillərin bunu bilməyə mənəvi haqqı var!

 

Qəddar düşmən Azərbaycan mədəniyyətinin Qarabağdakı izini silməyi hədəf seçdi. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri məhv edildi. Statistika üçün qeyd edək ki, Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri var idi.  Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 dəst səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qalmışdı. Onlar erməni acgözlüyü ilə qəsb edildi. Bu, təkcə qəsb də deyildi. Burada Azərbaycan xalqına məxsus olan nə varsa məhv etmək, Qarabağın bizə məxsusluğunu sübuta yetirən tarixi izləri silmək kimi planlı, çirkin  bir siyasət var idi. Qəbirlər də buna görə dağıdılmışdı. Bu, vandalizm aktını yaddaşlardan silmək rahatdırmı?

 

II Qarabağ müharibəsinin gedişində o torpaqlardan Azərbaycan etnosunun qovulmasından sonra nələr baş verdiyini görmək imkanımız yarandı və Qarabağ torpaqlarının necə bir cəhənnəmə çevrildiyini izləmək dərin təəssüf yaratdı. Erməni vəhşiliyinin izləri qarşımıza o qədər qorxunc çıxdı ki, Ermənistanın Azərbaycana vurduğu iqtisadi zərərin miqyasını hesablamaq belə,  mümkün deyil.

 

Yaşayış evlərinin içini və çölünü gəmirən düşmən bəzi ərazilərdə heç quru daşı belə, yerində saxlamayıb. Bu vəhşilik, barbarlıq unudula bilərmi? 

 

Söhbət Qarabağ bölgəsində bu gün şəhər, kənd infrastrukturu formalaşdırmaq, yaşayış binaları, məktəblər, xəstəxanalar və digər zəruri sosial obyektlər inşa etməkdən, mədəniyyət abidələrini bərpa etməkdən gedirsə, tələb olunan maliyyə vəsaitinin həcmini və bu işləri zamanla uyğunlaşdırmaq imkanlarını təsəvvür etmək lazımdır. Soydaşlarımızın qayıdışı məsələsinin aktuallığı var gündəmdə. Azərbaycan bu gün Ermənistanın işğalçılıq siyasətinin bu ağır nəticələrini aradan qaldırmaq, Qarabağdan olan vətəndaşlarının öz dədə-baba yurdlarına dönməsi üçün bütün zəruri şəraiti yaratmaqla məşğuldur. 

 

Ermənistanın bizə vurduğu zərbə təkcə bütün bu sadalananlar da deyil. Bəs,  II Qarabağ müharibəsi?

 

Azərbaycan müharibə başlayan zaman Ermənistana torpaqları bir-bir boşaltmaq şərtini ona görə qoyurdu ki, 30 illik münaqişənin yeni ağır səhifələri ortaya çıxmasın. Hər iki tərəf bu məsələyə itkisiz, ciddi iqtisadi, hərbi zərərə uğramadan nöqtə qoysun. Lakin Ermənistanın dəyişməyən işğalçılıq siyasəti II Qarabağ müharibəsində də ağır nəticələrə gətirib çıxardı. Söhbət mülkü əhalinin yaşadığı ərazilərə - Gəncə, Bərdə, Tərtərə atılan ağır silahların ortaya çıxardığı mənzərədən gedir - dağılmış evlər, ölmüş insanlar, maddi-mənəvi-psixoloji gərginliyə məruz qalan ailələr!

 

Vətənin sərhədlərini qorumaq üçün özlərini fəda edən, şəhid olan əsgərlər, qazilər... Bu gün Azərbaycan dövləti Qarabağdakı quruculuq işləri ilə paralel şəkildə müharibənin verdiyi bu acı nəticələrə də həssas yanaşır və problemləri qısa zamanda öz həllinə qovuşdurur.

 

Ermənistanın işğalçılığı ucbatından başımıza gələn bütün bu faciələr ona görə unudulmamalıdır ki, keçmişdə baş verənləri bilməsək, yadda saxlamasaq, gələcəyimizi etibarlı inşa edə bilmərik...

 

Vəfa ALLAHVERDİYEVA