Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlanması ilə əlaqədər universitetin bir qrup fəal tələbəsi ilə görüş keçirilib.

 

Görüşdə sentyabrın 29-dan etibarən ali təhsil müəssisələrində ənənəvi tədrisə başlanılacağını qeyd edən MDU-nun rektoru Şahin Bayramov bu münasibətlə universitetdə təhsil alan bütün tələbə və magistrantları təbrik edib.

 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində ötən tədris ilinin tarixi Zəfərin qazanılması ilə əlamətdar olduğunu vurğulayan Ş.Bayramov 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə universitetin tələbə və gənc məzunlarının həm ön cəbhədə döyüşlərdə, həm də arxa cəbhədə sosial dəstək tədbirlərində, informasiya mübarizəsində fəal iştirakını yüksək qiymətləndirib.

 

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı qələbədə gənc nəslin yüksək vətənpərvərlik ruhunda yetişdirilməsinin rolundan söz açan rektor son dövrdə ali məktəbdə təhsilin məzmununda vətənpərvərliyin önəminin yüksəldilməsi ilə bağlı görülən işlərdən,  yeni yaradılan Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin fəaliyyətindən danışıb.

 

Hazırda işğaldan azad edilmiş əzəli torpaqlarımızın hərtərəfli və dayanıqlı şəkildə dirçəldilməsindən bəhs edən Ş.Bayramov bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən irimiqyaslı, sistemli və kompleks quruculuq işlərinə töhfə vermək məqsədilə tələbə gəncləri müxtəlif innovativ təşəbbüsləri və çoxşaxəli könüllülük fəaliyyətləri ilə aktiv olmağa dəvət edib.

 

Rektor qabaqcıl ölkədaxili və xarici tərəfdaş universitetlərlə əməkdaşlığın, sənaye ilə işbirliyinin yaratdığı geniş imkanlar barəsində ətraflı məlumat verib,   MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, tələbə və magistrantların hərtərəfli inkişafına xidmət edən təhsil mühitindən daha fəal surətdə faydalanmağı gənclərə tövsiyə edib.

 

MDU-nun tarixində ilk dəfə olaraq, “Dayanıqlı inkişaf” multidissiplinar elmi jurnalının təsis edildiyini və birinci buraxılışının çap olunduğunu diqqətə çatdıran Ş. Bayramov tələbələrin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və onların elmi potensialının üzə çıxarılması baxımından jurnalın əhəmiyyətindən söhbət açıb.

 

Sonra tələbələr çıxış edərək, MDU-da onların hərtərəfli inkişafı üçün yaradılmış əlverişli təhsil mühitindən məmnun olduqlarını bildiriblər.