Təhsil müəssisələrində 27 sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil ediləcək.  

 

Təhsil Nazirliyinin Anım Günü ilə bağlı Tədbirlər Planına əsasən, bütün təhsil müəssisələrində bu günə həsr olunan dərslər keçiriləcək. Həmçinin təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, “dəyirmi masa”, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri və intellektual oyunların keçirilməsi planlaşdırılır. Məktəblilər arasında “Məktəblilər arasında şahmat turniri”nin, eləcə də idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur.

 

Tədbirlər Planına təhsil müəssisələrində mütəmadi olaraq Vətən müharibəsi, əsgər və zabitlərimizin şücaəti, Anım və Zəfər günləri ilə bağlı mövzuların ümumi təhsilin məzmununa inteqrasiyası və tədrisinin təşkili, təhsilalanların Vətən Müharibəsi Memorial Kompleksinə, Zəfər Muzeyinə ekskursiyalarının təşkili, şəhidlərin anım günlərinin keçirilməsi, onların məzarlarının ziyarət edilməsi, həyat və mübarizə yolunu əks etdirən videobülletenlərin hazırlanması daxildir. Eləcə də, təhsil müəssisələrində Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlər, qazilər, şəhid olmuş əsgər və zabitlərin ailə üzvləri ilə görüşlərin təşkili, şəhidlərin həyat və mübarizə yolunu əks etdirən videoçarxların nümayişi planlaşdırılır.

 

Təhsil müəssisələrində işğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı tədbirlər təşkil ediləcək, həyata keçirilən quruculuq işləri barədə təhsilalanlara məlumatlar veriləcək, videomateriallar nümayiş olunacaq.