Naxçıvan Dövlət Universiteti xarici dillər fakültəsində xarici dillər üzrə ixtisasartırma kurslarının müdavimlərinə sertifikatlar verilib.

 

Tədris və tərbiyə işləri üzrə prorektor Rafiq Rəhimov universitetdə tədris üçün yaradılan yüksək şəraitdən, elmdə və təhsildə qazanılan uğurlardan söhbət açıb. Qeyd olunub ki, ali və orta ümumtəhsil məktəbləri ilə belə əlaqəli tədbirlər bilik və təcrübə mübadiləsi, gələcək pedaqoji fəaliyyət prinsiplərinin düzgün müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, kursun keçirilməsində əsas məqsəd orta məktəb müəllimləri ilə universitet arasında əlaqələri genişləndirməkdir.

 

Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Ovni Muradov kursun keçirilməsinin muxtar respublikada bu ixtisas üzrə müəllimlərin peşə bacarıqlarının möhkəmlənməsində xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.  

 

Məlumat üçün bildirək ki, ötən tədris ilinin sonunda ali təhsil ocağında ingilis, rus, alman və fransız dilləri üzrə ixtisasartırma kursu keçirilib.

 

Kursdan sonra anket sorğuda iştirak edən müəllimlər müasir auditoriyalar, sinxron tərcümə, linqafon otaqlarından, dərslərin maraqlı və kurikulum sisteminə uyğun keçirilməsindən razı qaldıqlarını bildiriblər.  Həmçinin, ingilis dili müəllimləri arasında dinləmə və fonetikayla bağlı dərslər, rus dili müəllimləri üçün rus yazıçı və şairlərin həyat və yaradıcılığına həsr olunmuş mövzular, əsərlərindən seçmələr, alman dili müəllimləri üçün şeir və mahnıların innovativ dərs üsulları ilə mənimsənilməsi, dil bacarıqlarının inkişaf etdirilməsi, fransız dili müəllimləri üçün internet resursları ilə tanışlıq bölməsi və internet üzərində yeni dərs materiallarının təqdim edilməsi təlimlərin daha maraqlı keçməsinə səbəb olub.