Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi və Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəylinin musiqi irsi müasir təqdimatda” mövzusunda elmi sessiya keçirilib.

 

Sessiya Mədəniyyət Nazirliyinin Mədəniyyət  üzrə elmi-metodiki  və  ixtisasartırma Mərkəzinin və BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi- tədqiqat laboratoriyasının təşkilatçılığı ilə onlayn formatda baş tutub.

 

Tədbirin moderatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi, Mədəniyyət Nazirliyinin Elmi təminat və araşdırmalar şöbəsinin Tətbiqi tədqiqatlar sektorunun baş metodisti Səadət  Şirinova 100 illik yubiley çərçivəsində respublikada müxtəlif tədbirlərin keçirilməsini və Mədəniyyət Nazirliyinin də bu istiqamətdə bir sıra xidmətlərinin olduğunu bildirib.

 

Tədbirdə çıxış edən BMA-nın elm və innovasiyalar üzrə prorektoru, professor Gülnaz Abdullazadə təməli Üzeyir bəy tərəfindən qoyulmuş, respublikanın ali musiqi təhsil ocağı kimi bir çox nailiyyətlər və qələbələr əldə edərək təkmilləşən Bakı Musiqi Akademiyasının ölkə  xaricində də tanınan ali  təhsil mərkəzinə çevrildiyini vurğulayıb:”Üzeyir bəy irsi daima aktualdır və illər ötdükcə, dünyamız müasirləşdikcə belə,  öz təravətini daim saxlayacaqdır.  Bu gün çox şadıq ki, akademiyanın 100 illik yubileyi çərçivəsində müxtəlif festivallar təşkil olunur, o cümlədən musiqi mədəniyyətimizin beşiyi olan Şuşada da keçirilir”.

 

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli Üzeyir Hacıbəyli Musiqi Festivalının məhz Şuşada qeyd olunmasının əhəmiyyətini vurğulayıb:”Qarabağda musiqimiz səslənir və bu əbədidir”. 

 

BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə rəhbərlik etdiyi elmi -tədqiqat laboratoriyasında artıq xeyli müddətdir,  Musiqi Akademiyasının 100 illiyinə həsr edilmiş müxtəlif tədbirlərin keçirildiyini, toplular, monoqrafiyalar və məcmuələrin nəşr olunduğunu bildirib:”Bakı Musiqi Akademiyası üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib və Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan görkəmli sənətkarların bir neçə nəsli məhz akademiyamızın məzunlarıdır”.

 

Elmi sessiya müxtəlif maraqlı çıxışlarla və musiqi nömrələri ilə davam edib.