Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub. Müzakirələrdə universitetin inzibati və akademik heyət üzvləri iştirak ediblər.

 

Yeni dərs ilinə hazırlığın mövcud vəziyyətindən bəhs edən MDU-nun rektoru Şahin Bayramov tədrisin təşkilində səmərəliliyin daha da artırılması ilə bağlı universitetin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

 

MDU-nun strateji hədəflərinə uyğun olaraq qarşıda dayanan vəzifələri diqqətə çatdıran rektor yeni dərs ilində tədris, elm, idarəetmə, beynəlxalq əməkdaşlıq, tələbələr,  məzunlarla iş, sənaye ilə işbirliyi, sosial fəaliyyət və digər sahələrdə gözləntilərindən danışıb.

 

Yeni dərslik və dərs vəsaitlərinin hazırlanması, tədris-metodiki vəsaitlərin yenilənməsi, elmi məqalələrin sayının artırılması, təhsilalanların və təhsilverənlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, təhsilin məzmununda vətənpərvərlik, yaradıcılıq və innovativliyin gücləndirilməsinin vacibliyini qeyd edən Ş.Bayramov cari tədris ilində kadr hazırlığının keyfiyyətinin daha da yüksəldilməsi üçün potensial imkanları müsbət qiymətləndirib.

 

2021/2022-ci tədris ilinin də mühüm yeniliklərlə yadda qalacağına əminliyini ifadə edən rektor MDU ailəsinin bütün üzvlərini çoxşaxəli və modernləşən universitet həyatında daha fəal olmağa dəvət edib, onlara uğurlar arzulayıb.

 

Sonra iclas yeni tədris ilində tələbələri, magistrantları, akademik və inzibati heyət üzvlərini maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.