Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Şərqi Çin Pedaqoji Universitetinin dəstəyi ilə Çin Beynəlxalq Təhsil Fondu tərəfindən təşkil olunan Konfutsi institutlarının milli direktorları üçün beynəlxalq onlayn seminarda iştirak edib. 

 

Seminarın əsas məqsədi Konfutsi institutlarının inkişaf perspektivlərini müzakirə etmək, həmçinin milli Konfutsi institutlarının direktorları arasında təcrübə mübadiləsi aparmaq olub.

 

Seminarda iştirak edən Çin Təhsil Nazirliyi, Çin Beynəlxalq Təhsil Fondu, Çin Beynəlxalq Mübadilə Təhsil Birliyi, Şərqi Çin Normal Universiteti, Pekin Dillər və Mədəniyyət Universiteti, Çin dili Siyasəti və Standartları İnstitutu və Çin Rabitə Universitetinin məsul əməkdaşları, professorları dünyada Konfutsi institutlarının inkişafına, rəqəmsal təhsilə, Çin dilinin tədrisinin beynəlmiləlləşməsinə, milli mediada Konfutsi institutlarının ictimai imicinin formalaşmasının xüsusiyyətlərinə, Çin dilinin tədrisi və ixtisas imtahanlarının keçirilməsi üçün yeni standartların tətbiqinə həsr olunan mühazirələr oxuyublar.

 

Bir həftə davam edən seminar çərçivəsində Çin Konfutsi institutları və Beynəlxalq Mübadilə üzrə Təhsil Birliyi arasında yeni əməkdaşlıq mexanizmləri müəyyənləşdirilib, pandemiya şəraitində Konfutsi institutlarının davamlı inkişafı mövzusunda sessiyalar da keçirilib.

 

Sessiyada ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycanın orta məktəblərində Çin dili və mədəniyyətinin tədrisi ilə bağlı təkliflər verib.