Sentyabrın 20-dən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir.
Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, böyüməkdə olan gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir.
Müsabiqə şeir və mahnı nominasiyaları üzrə 2 yaş (7-14, 15-20) qrupunda və 2 mərhələdə keçirilir.
Müsabiqə üzrə tələblər aşağıdakılardır:
- - Müsabiqəyə iştirakçılar yalnız bir nominasiya üzrə qatıla bilər;
- - İştirakçı seçdiyi nominasiya üzrə bir ifadan ibarət videogörüntünü müsabiqəyə təqdim etməlidir;
- - Müsabiqəyə vətənpərvərlik mövzusunda yazılmış şeirlə yanaşı iştirakçının öz yazdığı şeir də təqdim oluna bilər;
- - Mahnı nominasiyası üzrə müsabiqəyə xalq və bəstəkar mahnıları təqdim olunmalıdır;
- - Təqdim olunan mahnı və şeirin ifa müddəti 3-4 dəqiqədən çox olmamalıdır;
- - Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər;
- - Müsabiqəyə fonoqram qəbul olunmur;
- - Hər iki nominasiya üzrə iştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər;
- - Videogörüntülər aydın və keyfiyyətli olmalıdır;
- -Təqdim olunan ifadan öncə iştirakçı özü barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, şəhər və rayon, təhsil aldığı müəssisə, nominasiya üzrə ifa etdiyi mahnı və ya şeirin adını) hazırladığı videogörüntü ilə birgə təqdim etməlidir;
- - İfa zamanı səhnə mədəniyyəti, aydın intonasiya, düzgün tələffüz, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə, təqdim etmə bacarığı kimi meyarlar nəzərə alınacaq.
I mərhələ - 20 sentyabr – 28 oktyabr 2021-ci il. İlkin mərhələdə iştirakçılar tərəfindən hazırlanan şeir və mahnıların qəbulu aparılır. Hazırlanan mahnılar video formatda grbye@mk.edu.az elektron poçt ünvanına və ya (+994) 55 539 55 22 telefon nömrəsinə “Whatsapp” vasitəsi ilə göndərilməlidir.
II mərhələ - 29 oktyabr – 6 noyabr 2021-ci il. Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və qaliblər müəyyənləşdirilir.
Müsabiqənin qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaqlar.
Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19 və (+994) 55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər.