Azərbaycanda xalq təbabəti ənənələrinin geniş yayıldığı və qədim tarixə malik bölgələrdən olan Qarabağda əsrlər boyu xalq təbibləri fəaliyyət göstərib, təbii üsullarla, ilk növbədə dərman bitkiləri vasitəsilə insanların müalicəsi ilə məşğul olublar. Qarabağda xalq təbabətinin geniş yayılması buranın bitki aləminin zəngiliyindən irəli gəlir.
Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri Naibə Mehdiyeva bildirib ki, Qarabağın florası bitki mənşəli dərman xammalının tədarükü və yeni dərman vasitələrinin işlənib hazırlanması üçün boyük potensiala malikdir.
Onun sözlərinə görə, Qarabağda 110 fəsiləyə və 397 cinsə aid 606 növ dərman bitkisi (onlardan 4 fəsilə, 10 cinsə aid 11 növ şibyələrdir) yayılıb ki, bu bitkilərin 66 növü ofisinal təbabətdə dərman vasitəsi kimi istifadə olunur: “Qarabağda yayılmış dərman bitkilərinin 19 fəsil və 28 cinsdən ibarət 35 növü Qafqaz endemi, 32 növü nadir və itmə təhlükəsində olan, Azərbaycanın “Qırmızı kitab”ına salınmış bitkilərdir”.
Qarabağda yayılmış dərman bitkilərinin bioloji aktivlik və müalicəvi xüsusiyyətlərinin də kifayət qədər geniş olduğunu deyən N.Mehdiyeva bu bitkilərin 163 növünün diuretik, 157-nin antibakterial, 138-nin yarasağaldıcı, 81-nin büzüşdürücü, 19-nun antivirus xüsusiyyətlərə malik olduğunu vurğulayıb. Qeyd edib ki, bu dərman bitkilərinin daha çox növü ürək-damar (81 növ), mədə-bağırsaq (155 növ), böyrək (55 növ), qaraciyər (80 növ), dəri (149 növ), diabet (35 növ) və bir çox digər xəstəliklərin müalicəsində tətbiq edilir.
“Bu gün botanik-alimlər qarşısında duran ən vacib vəzifələrdən biri Qarabağın bitki örtüyünün monitorinqinin aparılması və onun bərpası yollarının müəyyən edilməsidir”, - deyə N.Mehdiyeva azad edilmiş ərazilərdə bu işlərə təxirə salınmadan başlamağın zəruriliyini qeyd edib.