Zəlilər şirin su hövzələrinin daimi sakinləri olmaqla yanaşı, tibb, kosmetologiya və xalq təbabətində geniş istifadə olunan onurğasız heyvanlardandır. Qafqazın şirin su hövzələrində 23 növ, Azərbaycanda isə 15 növ zəlinin yayıldığı məlumdur. Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu tərəfindən zəlilərin H.(Dina) stschegolewi, D. cf.farsa növləri qeydə alınıb.
İnstitutdan bildirilib ki, Azərbaycan hirudofaunası üçün ən əhəmiyyətli növ Şərq tibb zəlisi (Hirudo orientalis) hesab edilir: “Azərbaycanda son illərə kimi hirudofauna ilə bağlı ətraflı tədqiqat işləri olmayıb. 2018-2020-ci illər ərzində Azərbaycanın 4 zonasında - Quba-Xaçmaz, Masallı-Lənkəran-Astara, Şəki-Zaqatala və Gəncə-Qazax bölgəsində 23 rayonu, 82 su hövzəsini əhatə edən tədqiqat işləri aparılıb və ölkəmizdə tibb zəlisi rast gəlinən ərazilər müəyyənləşdirilib. Tibb zəlisi, əsasən Cənub zonasında üstünlük təşkil edir”.
Qeyd olunub ki, Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzində və Mingəçevir elmi-təcrübə stansiyasında tibb zəlisinin steril formalarının alınması ilə bağlı uğurlu tədqiqat işi aparılıb. Baramalardan çıxmış bala fərdlər təbiətə buraxılıb. Müxtəlif populyasiyalarda Şərq tibb zəlisinin DNT polimorfizmini müəyyənləşdirmək üçün Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tədqiqat işləri davam edir.
Bundan başqa, hirudoterapiya ilə bağlı tədqiqat işləri müqavilə əsasında özəl klinikalardan birində yerinə yetirilib və hazırda hirudoterapiyanın əhəmiyyəti ilə bağlı metodik tövsiyə hazırlanmaqdadır.