Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) coğrafiya fakültəsi və Coğrafiya İnstitutu arasında əməkdaşlıq müqaviləsinin bağlanması ilə bağlı görüş keçirilib.
Coğrafiya İnstitutunun rəhbərliyi ilə baş tutan görüşdə BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor Fərda İmanov, Tədris prosesinin təşkili şöbəsinin müdiri, dosent Adil Xasayev, coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova, Fiziki coğrafiya kafedrasının müdiri Yaqub Qəribov iştirak edib.
Hər iki müəssisə arasında 2013-cü ildə bağlanmış “Elm və tədris mərkəzinin yaradılması” haqqındakı müqavilənin zamanı bitdiyinə görə, vaxtın uzadılması, tədris mərkəzinin fəaliyyətinin əsas istiqaməti, yeni fəaliyyət planının işlənməsi və s. haqda müzakirələr aparılıb.
Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov elmin təbliğinin gücləndirilməsi, gənclərin elmi işlərə cəlb edilməsi üçün hər iki müəssisənin magistr və dissertantlarının iştirakı ilə elmi konfransların keçirilməsini təklif edib.
Görüşdə Coğrafiya İnstitutu ilə BDU arasında əməkdaşlığın yeni istiqamətlərinə dair də fikir mübadiləsi aparılıb.