Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanı keçirilib.
İmtahanda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayanlar, eyni zamanda, DİM tərəfindən beynəlxalq dil sertifikatı təsdiqlənmiş namizədlər iştirak ediblər.
AMEA Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov imtahanların gedişi ilə yaxından tanış olub.
5 üzvdən ibarət imtahan komissiyanın sədri, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə çıxış edərək iddiaçılara uğurlar arzulayıb. Alim elmin inkişafının fəlsəfəsiz mümkün olmadığını qeyd edərək, bu sahənin dərindən öyrənilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu, alim və tədqiqatçılara araşdırma apararkən metodoloji cəhətdən mühüm nailiyyətlər əldə etməyə imkan verəcək.
Komissiya sədri imtahana hazırlıq üçün proqramların təqdim olunduğunu bildirib, namizədlərə hazırlaşmaları üçün hər cür imkanın yaradıldığını diqqətə çatdırıb.
Qeyd edək ki, imtahanlarda, ümumilikdə 60-dan çox namizəd iştirak edib. Fəlsəfə fənnindən məqbul alan şəxslər ixtisas imtahanına buraxılacaqlar.