Onların uğur yolu beynəlxalq olimpiadalardan başlayıb


Son illər ölkəmizin təhsil sahəsində aparılan məqsədyönlü islahatlar və onların mühüm keyfiyyət göstəriciləri, şagirdlərin istedad və bacarıqlarının erkən yaşlardan aşkar olunması, intellektual və yaradıcı potensialının stimullaşdırılması təhsilalanların uğurlu gələcəyinin əsasını təmin edib. 2018-ci ildə “Təhsil haqqında” Qanuna edilmiş müvafiq dəyişikliklər dünya və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulunun aparılmasına imkan verib. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq artıq bir neçə ildir ki, dünya və respublika fənn olimpiadaları, beynəlxalq müsabiqə qaliblərinin ali məktəblərə qəbulu həyata keçirilir. Bu imkandan artıq bir çox istedadlı Azərbaycan gənci faydalanıb. Ölkəmizin gələcək elmi potensialının əsasını təşkil edən bu gənclər artıq bir sıra yerli və nüfuzlu xarici universitetlərdə təhsillərini davam etdirirlər.  Bu il də istisna deyil. Cari tədris ilində beynəlxalq olimpiadalarda əldə etdikləri nailiyyətlərə görə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmuş 4 istedadlı gənci oxucularımıza təqdim edirik.

 

 

Asiman Ziyəddinov: 2004-cü ildə Şəki şəhərinin İnçə-Zunud kəndində anadan olub. VIII sinfə qədər adıçəkilən kənd  məktəbində təhsil alıb. Daha sonra orta təhsilini Kimya-biologiya təmayüllü Respublika liseyində davam etdirib.

 

- Liseydə oxuduğum illərdə  Respublika biologiya olimpiadasında 1 qızıl, 1 gümüş, beynəlxalq biologiya olimpiadasında gümüş və Yeniyetmələrin Beynəlxalq Elm olimpiadasında gümüş medallar qazanmışam. Bu il liseyin məzunu kimi Azərbaycan Tibb Universitetinə müsabiqədənkənar qabul oldum. Düşünürəm ki, olimpiada qalibləri üçün belə bir şəraitin yaradılması şagirdlərin beynəlxalq bilik yarışlarına marağını daha da artıracaq və onların respublika, eləcə də dünya olimpiadalarında daha böyük maraq və səylə çalışaraq daha yaxşı nəticələr əldə etmələrinə səbəb olacaq.

 

 

 

 

Aysun Bayramlı: 25 dekabr 2003-cü ildə Bakıda anadan olub. Bakıdakı  Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunudur.

 

-  Olimpiada ilə ilk tanışlığım 3-cü məktəblərarası fənn müsabiqəsində gümüş medal almağımla oldu. Riyaziyyat olimpiadalarına isə IX  sinifdə Beynəlxalq olimpiadalara hazırlıq üçün seçim imtahanında iştirak etməklə başlamışam. 2 respublika və 3 beynəlxalq olimpiadada iştirak edərək 3 bürünc,1gümüş, 1 qızıl medala  layiq görülmüşəm. Müsabiqədənkənar qəbul  üçün Avropa  Qızlar  Riyaziyyat Olimpiadasında (EGMO) qazandığım bürünc medalla müraciət etdim. İxtisas olaraq ATU-nun  tibb fakültəsini seçdim. Belə bir imkanın yaradılması şagirdlərin olimpiadaya hazırlaşmasına daha çox vaxt sərf etməsinə stimul verir.

 

 

 

 

Sədiyar Qafarov: 2004-cü il fevralın 22-də Bakı şəhərində anadan olub. Əvvəlcə 13 nömrəli tam orta məktəbə qəbul olunub, sonra isə təhsilini 308 nömrəli tam orta məktəbdə davam etdirib. Məktəblilərarası 3-cü fənn müsabiqəsində iştirak edərək bürünc medal alıb və  Təhsil Nazirliyi tərəfindən Kimya-biologiya təmayüllü Respublika liseyində təşkil  edilmiş olimpiada hazırlıq sinfinə qəbul olunub. 2018, 2019 və 2020-ci illərdə Respublika fənn olimpiadalarında biologiya fənnü üzrə qızıl medallara layiq görülüb. 2020-ci ildə həm də “Birincilərin birincisi” nominasiyasının qalibi olub. 2021-ci ildə isə Respublika fənn olimpiadalarında biologiya fənni üzrə gümüş medal qazanıb.  2018-ci ilin dekabrında  Botsvanada və 2019-cu ildə Qətərdə keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında iki dəfə bürünc medal qazanıb.  Həmçinin 2020-ci il Beynəlxalq Biologiya Olimpiadasında (IBO Challenge) gümüş, 2021-ci ildə isə həmin olimpiadanın bürünc medallara sahib olub. XI sinfi əla qiymətlərlə bitirdiyinə görə “Qızıl nişan”a layiq görülüb.

 

-  Olimpiada qalibi kimi müsabiqədənkənar qəbulla əlaqədar deyə bilərəm ki, xüsusi istedadlı uşaqlara bu cür imkanın yaradılması olduqca yaxşıdır. Çünki bunun sayəsində şagirdlərimiz istədikləri ixtisas üzrə ali məktəbə əlavə imtahan vermədən qəbul olurlar. Beləliklə şagirdlərdə olimpiadada iştirak etmək motivasiyası yaranır. Mən müsabiqədənkənar qəbul sayəsində Azərbaycan Tibb Universitetinə ərizə verdim. Eyni zamanda Türkiyə universitetlərində təhsil almaq üçün də müraciət etmişdim. Avqust ayında Türkiyənin Ankara Yıldırım Beyazit Universitetindən və Mersin Universitetinin tibb fakültəsindən (bursla)  qəbul gəldi. Gələcək universitet həyatımı Ankara Yıldırım Beyazit Universitetinin tibb fakültəsində davam etdirməyi düşünürəm. Tibb ixtisasını oxumaq çətindir və böyük əzm tələb edir. Türkiyədə tibb oxumaq isə önəmlidir, çünki Türkiyənin tibb təhsili dünyada ən yaxşı tibb təhsillərindən biridir və diplomu bütün ölkələrdə tanınır. Bu il tələbə adı qazanmış bütün şagirdləri təbrik edir, təhsillərində uğurlar arzulayıram.

 

 

 

Yusif Qasımov:  16 avqust 2004-cü ildə anadan olub.  220 nömrəli məktəb-liseyi bitirib.

 

- Orta məktəbin VI  və VII  siniflərindən riyaziyyata və olimpiadalara  xüsusi həvəsim yaranıb. VIII, IX və X siniflərdə   riyaziyyatla, olimpiada hazırlığı ilə professional şəkildə məşğul olmuşam. Dörd dəfə Respublika fənn olimpiadalarında medal (bir dəfə çempion) qazanmışam. Bir çox dünya və regional olimpiadalarda  iştirak edərək 3 gümüş, 3 bürünc medala layiq görülmüşəm. 2020 -ci ildə Balkan Riyaziyyat və Dünya Elm olimpiadalarında gümüş medal qazanmışam.  Uğurlarım mənə müsabiqədənkənar istənilən ixtisasa daxil olmağa imkan yaratdı. Olimpiadanın uşaqlara verdiyi dəyərləri və mental gücü nəzərə alsaq,  ali məktəblərə  müsabiqədənkənar qəbulun təhsilə çox fayda verməsi aydındır. Ən azından hər il bu qədər respublika medalçısının aşağı sinifdən medal qazanması onlara həm nüfuzlu fakültələri seçmələrinə kömək, həm də daha çox beynəlxalq olimpiadalara diqqət yönəltməyə təşviq edir. Beynəlxalq olimpiadada qazandığım medal sayəsində dövlət sifarişi əsasında Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisasına  qəbul olmuşam.

 

 

Oruc MUSTAFAYEV