Qubadlı rayon məktəblərində yeni tədris ili üzrə işə qəbul olunmuş gənc müəllimlərlə ilk dəfə adaptasiya proqramına başlanılıb.
Təhsil şöbəsindən aldığımız məlumata görə, adaptasiya proqramının məqsədi yeni işə qəbul olunmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.
Proqram çərçivəsində Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları və psixoloqların iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Yerli təhsili idarəetmə orqanları rəhbərlərinin təqdimatında “Tədris-pedaqoji sənədlərlə işin təşkili”, “Şagirdlərlə işin təşkili”, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının koordinatorları ilə müəllimlərin görüşü, nazirliyin struktur bölmə rəhbərlərinin təqdimatında “Öyrədici mühitin yaradılması”, “Uğurlu şagird-valideyn-məktəb tandeminin qurulması” mövzularında təlimlər və müzakirələr keçiriləcək.
Şakir CƏFƏROV