Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ali məktəbə bu il qəbul olmuş tələbələrlə “Tanışlıq Günü” keçirilib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı tələbə adını qazananları  təbrik edib,  Strasburq Universiteti ilə ADNSU-nun birgə idarəçiliyi haqda məlumat verib. UFAZ tələbələrinin həm də Strasburq Universitetinin tələbə biletlərini əldə edəcəklərini qeyd edən rektor bu sənədin onlara onlayn olaraq Strasburq Universitetinin kitabxanasından istifadə etmək və digər üstünlüklər qazandıracağını bildirib.

 

UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov pandemiya şəraitində tədris qaydaları barədə tələbələri məlumatlandırıb.

 

UFAZ-ın baş katibi Yelizaveta Bydanova isə təhsil ocağının verdiyi dərs və dərsdənkənar fəaliyyətlər barədə ümumi məlumat verib.

 

Daha sonra UFAZ-ın Tədris departamentinin əməkdaşları və daimi əcnəbi müəllimləri tələbələrə ali məktəbdəki tədris prosesi, daxili qaydalar, müəllim heyəti, praktiki və nəzəri dərslər, laboratoriyalardan istifadə, qiymətləndirmə, imtahan və gənclərin asudə vaxtlarının təşkili barədə ətraflı məlumat veriblər.

 

Qeyd edək ki,  2021-2022-ci tədris ilində UFAZ-ın bakalavr təhsil pilləsinə 140 nəfər qəbul olub. Onlardan 40 nəfər Kompüter elmləri, 40 nəfər Kimya mühəndisliyi, 30 nəfər Neft və qaz mühəndisliyi, 30 nəfər isə Geologiya və Geofizika mühəndisliyi ixtisası üzrə təhsil alacaq.

 

UFAZ-da bakalavr pilləsində təhsil 4 ildir. UFAZ məzunları ADNSU və Strasburq Universitetinin (Neft və qaz mühəndisliyi ixtisası üzrə Renn 1 universitetinin) diplomlarını alırlar.