Sentyabrın 7-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinq keçirilib. 

 

Təhsil naziri Emin Əmrullayev bildirib ki, 2021-2022-ci dərs ilində ölkəmizin bütün təhsil müəssisələrində tədris ənənəvi şəkildə mərhələli təşkil olunacaq. Ümumi təhsil müəssisələrinin I-IV sinifləri 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlayacaq. Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılacaq. 


Nazir bildirib ki, tədrisin gec başlaması ilə əlaqədar olaraq keçirilməyən dərs saatları tədris ili ərzində tətil günləri hesabına bərpa olunacaq.

 

Brifinqdə bütün təhsil müəssisələri və təhsil işçilərinin ənənəvi tədrisə tam hazır olduğu qeyd edilib, həmçinin təhsil müəssisələrində COVID-19 əleyhinə görüləcək tədbirlərdən danışıb. 

 

Brifinqdə təhsil işçilərinin vaksinasiyasına da toxunulub. Bildirilib ki, hazırda təhsil işçilərinin 169 min 862 nəfəri vaksin olunub. 138 min 654 nəfər təhsil işçisi vaksinin hər iki dozasını qəbul edib.

 

Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.