Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev AMEA-nın 27 may tarixli Ümumi yığıncağının və Rəyasət Heyətinin “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında” müvafiq qərarlarının icrasından irəli gələn vəzifələrdən danışıb.
Akademik qeyd edib ki, torpaqlarımızın erməni işğalından azad edilməsi, dağıdılmış ərazilərdə irimiqyaslı quruculuq işlərinə başlanılması, ölkəmizdə aparılan innovativ islahatlar, biliklər iqtisadiyyatının formalaşması, smart texnologiyalara əsaslanan infrastruktur layihələrinin icrası, IV sənaye inqilabının Azərbaycanda Regional Mərkəzinin yaradılması, enerji təhlükəsizliyinə dair layihələrin həyata keçirilməsi, dünyanın qlobal çağırışları və digər məsələlərlə bağlı Azərbaycan elminin, habelə FRTEB-in müəssisələrinin qarşısında ciddi vəzifələr dayanır.
Alimin sözlərinə görə, həmin vəzifələrin həyata keçirilməsi Bölmənin elmi müəssisələrinin öz kadr potensialını gücləndirmək, prioritet elmi istiqamətlərə diqqəti artırmaq, beynəlxalq elmi əlaqələri genişləndirmək və müasir elmi-texnoloji nailiyyətlərə əsaslanmaqla tədqiqatlar aparmalarını zəruri edir.
Bölmənin Ümumi yığıncağı tərəfindən “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında” qərardan irəli gələn vəzifələrin Bölmənin elmi müəssisələrində geniş müzakirə olunması və təkliflərin hazırlanaraq FRTEB-ə təqdim edilməsi barədə müvafiq qərarlar qəbul edilib.