Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent İsmayıl Quliyev və şöbənin elmi işçisi Rauf Hüseynov Qızılağac və Hirkan Milli Parkı ərazilərində elmi ekspedisiyada olublar.
Məqsəd qlobal istiləşmə fonunda respublikanın ən ekstremal coğrafi ərazisində son yarım əsrdə torpaqda gedən dəyişiklikləri qiymətləndirmək, torpaq üzərində aparılmış çoxillik monitorinqin nəticələrini və gələcək torpaq tədqiqatları üçün elmi istiqamətləri müəyyənləşdirmək olub.
150 min hektar ərazini əhatə edən tədqiqat sahəsində seçilmiş nümunə və müşahidə meydançaları, müəyyənləşdirilmiş marşrutlar 1:25000 miqyasda topoqrafik əsas üzərində aparılıb, GPS naviqator vasitəsilə dəqiqləşdirilib. Torpaqların mövcud taksonomik vahidlərinin tipoloji mənsubiyyətinin, onların üzərində yayılmış təbii və əkin sahələrində becərilən kənd təsərrüfatı bitkilərinin coğrafi yayılma xüsusiyyətlərinin öyrənilməsi torpaq örtüyündə gedən deqradasiya prosesinin səbəb və istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək.
Tədqiqat nəticəsində aşkar edilən təbii və antropogen deqradasiyanın səbəb və nəticələri götürülmüş torpaq nümunələrinin fiziki, kimyəvi, aqrokimyəvi analizi aparıldıqdan sonra dəqiqləşdirilərək əməli təklif və tövsiyələr hazırlanacaq.