Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “British Council” təşkilatının Azərbaycana yeni təyin olunmuş rəhbəri Frensis Qardener-Trexo və fəaliyyəti başa çatan ölkə üzrə rəhbəri Samr Şah ilə görüşüb.

 

E.Qasımov ali məktəb haqqında məlumat verərək qeyd edib ki, BANM-də keyfiyyətə xüsusi əhəmiyyət verilir və Azərbaycanda qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlər məhz bu təhsil müəssisəsini seçirlər. Rektor BANM-in tam olaraq ingilis dilində təhsil verməsi, Britaniya universitetləri ilə sıx əməkdaşlıq etməsi, həmçinin “Turnitin” şirkətinin plagiatlığa qarşı internet xidmətini Azərbaycanda tətbiq edən iki universitetdən biri olması kimi bir çox xüsusiyyətləri ilə fərqləndiyini də diqqətə çatdırıb: “Biz həm yerli, həm də xarici şirkətlər üçün yüksəkixtisaslı kadrlar hazırlayırıq və məzunlarımız nüfuzlu şirkətlərdə çalışırlar. BANM Azərbaycan Prezidenti İlham Əliyevin “neft kapitalının insan kapitalına çevrilməsi” strategiyasını uğurla həyata keçirir”.

 

 

“British Council” və BANM arasındakı əməkdaşlığa toxunan rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyətə başladığı ilk illərdən bu təşkilatla ingilisdilli tədris və IELTS imtahanlarının təşkili istiqamətində tərəfdaşlıq etdiyini, həmin vaxtdan bir sıra böyük layihələrin həyata keçirildiyini vurğulayıb: “British Council” hər zaman BANM-ə xüsusi diqqət ayırıb. Uğurlu əməkdaşlığımızın bir nümunəsi də  iyun ayında Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində Beynəlxalq Sertifikatlı Mühasiblər Birliyinin (Association of Chartered Certified Accountants - ACCA) mərkəzinin açılmasıdır. Dünyada 5-ci olan bu mərkəzin əməkdaşlığın inkişafına töhfəsi böyükdür. Mən bundan sonra da yüksək səviyyədə əməkdaşlığın davam etdiriləcəyinə əminəm”.

 

“British Council” təşkilatının yeni rəhbəri Frensis Qardener-Trexo isə təşkilat və BANM arasındakı yüksək səviyyəli əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu diqqətə çatdırıb.

 

“British Council” təşkilatının Azərbaycan üzrə fəaliyyəti başa çatan rəhbəri Samr Şah da öz növbəsində bildirib ki, BANM təşkilatın ən yaxın tərəfdaşlarından biridir: “Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə siz böyük dəstəyinizi əsirgəmədiniz. “British Council” və Bakı Ali Neft Məktəbi ilə uğurlu əməkdaşlığımızın bariz nümunəsidir ki, yeni rəhbərin Azərbaycanda ilk görüş keçirdiyi universitet məhz BANM oldu. Təşkilatın rəhbərləri dəyişsə də ali məktəblə uğurlu əməkdaşlıq ənənələrinin inkişaf edəcəyinə, bundan sonra da bir çox böyük layihələrə imza atılacağına inanıram. Biz sizin tələbələrin IELTS imtahanı verdiyini nəzərə alaraq “British Council” təşkilatının BANM tələbələri üçün kampusda IELTS imtahanını həyata keçirməsini təklif edirik ”.

 

Rektor bu təklifi yüksək məmnunluqla qarşılayaraq Samr Şaha fəaliyyətdə olduğu müddətdə Azərbaycan və Böyük Britaniya arasında təhsil əlaqələrinin inkişafına, həmçinin BANM ilə əməkdaşlığa töhfə verdiyinə görə təşəkkürünü bildirib.

 

E.Qasımov yeni rəhbərin əməkdaşlığı daha da genişləndirəcəyinə əminliyini ifadə edib.