II Qarabağ savaşından Zəfərlə çıxan Azərbaycan dövləti vaxt itirmədən bir tərəfdən düşmənin əli ilə illər ərzində viran qoyulmuş bölgənin dirçəlişi işlərinə start verdi, digər tərəfdən müharibənin vurduğu yaraları sarımağa başladı.
Müharibə həqiqətən də insanlara böyük yaralar vurdu. Söhbət Ermənistanın savaşın gedişində mülki əhalini hədəfə alaraq, yaşayış yerlərinə, infrastruktur obyektlərinə ağır və qadağan olunmuş ballistik raketlərlə zərbə endirməsindən, beynəlxalq hüquq və sənədlərlə adı terror olan cinayəti törətməsindən, dəhşətli nəticələrə gətirib çıxaran bu insanlıq cinayətinin geriyə buraxdığı faciəvi ölümlərdən, acılı günahsız insanlardan, dağılmış evlərdən gedir. Gəncə, Bərdə, Tərtərdə baş verənlər müharibədə uduzan Ermənistanın qisas cavabı idi və bu cavab mülki əhaliyə hədsiz qorxu-həyəcan, iztirab, evsizlik, övladsızlıq, valideynsizlik aqibəti yaşatdı. Mühüm olan o idi ki, dövlət anındaca faciə baş verən yerlərdə idi: həm Gəncədə, həm Bərdədə. Vətəndaşını dağıntılar altından xilas etmək, normal həyat şəraitinin davamına dəstək vermək, təcili xəstəxanalara yerləşdirmək üçün.
Qeyd edək ki, “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Komissiyası yaradıldı. Bu, çevik bir addım idi. Komissiya qısa müddətdə müəyyən işlər gördü: dəymiş ziyan qiymətləndirildi, ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflər hazırlandı.
Gəncədə zərərçəkmiş insanların mənzillə təminatı təcili həll tələb edirdi. Məsələ müvafiq qurumların qarşısında ciddi məsuliyyət kimi qoyulmuşdu.
Dövlət Komissiyası tərəfindən ilkin mərhələdə raket zərbələri nəticəsində dağıntıya məruz qalmış çoxmənzilli yaşayış binalarında yaşayan 89 ailə müəyyənləşdirildi və həmin binalarda yaşayan 66 ailə bu ilin martında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Gəncə şəhərində inşa edilən yeni yaşayış kompleksində tam təmirli mənzillərlə təmin olundu. 12 ailəyə isə istəklərinə uyğun, razılaşdırılmış qaydada mənzillərinin dəyəri məbləğində pul vəsaiti verildi.
Bu işlər hələ bitmiş deyil və mənzil tikintisi davam edir.
Prezident İlham Əliyev son çıxışlarının birində bu məsələyə toxunub, zərərçəkmiş insanların problemlərinin həlli istiqamətindəki işlərin davamına diqqət çəkib: “Mülki əhaliyə də dövlət tərəfindən yardımlar göstərilir. Müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün minlərlə yeni ev tikilməkdədir. Yüzdən çox mülki şəxs, onların arasında qadınlar və uşaqlar həlak olmuşlar və minlərlə insan öz əmlakını itirmişdir. Ona görə bu gün bu işlər də görülür, minlərlə ev inşa edilir, onların böyük hissəsi artıq inşa edilib”.
Terrorun yaşandığı o dəhşətli anlar artıq arxada qalıb. Çünki dövlət vətəndaşına hər zaman sahib çıxmağı bacarır!